Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Brüsseldə Azərbaycanın e-hökumət layihəsi haqqında dünya ictimaiyyətinə məlumat verilib
Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Komissiyasının təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin rəqəmli bazarlarının harmonizasiyasına doğru” mövzusunda sayca 3-cü iclası və Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin Rəqəmli İqtisadiyyat üzrə səlahiyyətli nümayəndələrinin 1-ci görüşü keçirilib.
Bu beynəlxalq tədbirdə Azərbaycandan Rabitə və Yüksək Texnologiyalar, Xarici İşlər nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Kibernetika İnstitutunun və Sahibkarlar (İşəgötürənlər)Təşkilatları Milli Konfederasiyasının nümayəndələri iştirak edib.
Məlumat üçün bildirək ki, 2013-cü ilin sonundan etibarən Avropa Komissiyasının təşəbbüsü ilə “Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin rəqəmli bazarlarının harmonizasiyasına doğru” (Harmonisation of Digital Markets in the EaP) layihəsi həyata keçirilir. 2014-cü ildə Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin rəqəmli bazarlarının Avropa Birliyi ölkələri ilə harmonizasiyalaşdırılması ilə bağlı 2 seminarı təşkil edilib və 6 istiqamət müzakirə olunaraq seçilib. Bu istiqamətlərə elektron ticarət və sürətli poçtdaşımaları, turist xidmətlərində İKT-dən istifadə, informasiya və kibertəhlükəsizlik, elektron gömrük, İKT bilikləri və təcrübələri, telekommunikasiya qanunvericiliyi daxildir.
Tədbirdə Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrdə rəqəmli bazarlarda mövcud vəziyyət, eyni zamanda cari ilin 11 iyun tarixində Lüksemburqda təşkil edilməsi planlaşdırılan Nazirlər Toplantısında imzalanacaq bəyannamənin layihəsi müzakirə edilib.
RYTN-in İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev çıxış edərək Azərbaycanda qurulan İKT infrastrukturu və mövcud durum haqqında geniş məlumat verib. O, ölkənin elektron hökumət quruculuğu istiqamətində gördüyü işlərdən və əldə olunan nəticələrdən danışaraq elektron ticarətin miqyasının böyüdüyünü və ondan yararlananların sayının artdığını qeyd edib.
Seymur Qasımbəyli
08/05/15 Çap et