Şuşalı rabitəçilərlə görüş keçirilib
Bu gün 8 may Şuşa şəhərinin erməni qəsbkarları tərəfindən işğal edilməsinin 23-ci ildönümü ilə əlaqədar bu şəhərdən olan rabitəçi qaçqın və köçkünlərlə görüş keçirilib.
"Azərpoçt" MMC-də baş tutan görüşdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, MMC-nin baş direktoru Qəmbər Bəybalayev, Şuşa sakinləri və KİV nümayəndələri iştirak edib.
E.Vəlizadə bildirib ki, işğal edilən torpaqların azad olunması istiqamətində Azərbaycan, bir an belə, dayanmadan iş aparır. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın işğalçılardan azad ediləcəyi gün çox yaxındadır:
"Biz hamımız o torpaqlara qayıdıb dədə-baba mirasımıza sahib çıxacaq və orada illər böyü sürən yaşamımızı davam etdirəcəyik".
E.Vəlizadə ermənilərin hər zaman hiyləgər siyasət apardığını, övladlarını azərbaycanlılara nifrət hissində böyütdüyünü vurğulayaraq qeyd edib ki, düşmənin işğalçılıq siyasəti uzun sürməyəcək.
Azərbaycan dövlətinin və əsgərinin torpaqlarımızı azad etməyə gücünün çatdığını önə çəkən nazir müavininin sözlərinə görə, Azərbaycan ordusunun döyüş əzmi yüksək səviyyədədir.
E.Vəlizadə torpaqlarımızın azad edilməsinin ardınca əzəli torpaqlarımızda bütün istiqamətlərdə olduğu kimi, rabitə sahəsində də "Böyük qayıdış proqramı"nın yüksək səviyyədə icra ediləcəyini vurğulayıb.
Nazir müavini qeyd edib ki, RYTN də bu illər ərzində əsas fəaliyyəti ilə yanaşı, nəinki Şuşadan olan məcburi köçkünlərin, ümumilikdə rabitə sahəsində çalışan məcburi köçkünlərin, şəhid və əlil ailələrinin, veteranların problemləri ilə yaxından maraqlanaraq onların problemlərinin həlli istiqamətində müvafiq işlər görür.
Sonra rabitəçi qaçqın və köçkünlər Şuşa ilə bağlı xatirələrini danışıb, vətən həsrətindən söz açıblar.
Şuşalılar torpaqların azadlığı istiqamətində dövlətin apardığı siyasəti dəstəklədiklərini və torpaqların tez bir zamanda işğalçılardan azad olunacağına və dədə-baba yurdlarına dönəcəklərinə inamlarını ifadə ediblər.
Bundan sonra hər bir Şuşa məcburi köçkünü ilə təkbətək görüş keçirilib və onların problemləri ilə maraqlanıb, lazım olan köməkliklər göstərilib.
SEYMUR