Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Məcburi köçkünlər özləri barədə məlumatları onlayn şəkildə əldə edə biləcəklər
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssislərinin birgə “Məcburi köçkünlərə güzəştlər üzrə avtomatik idarəetmə sistemi” dövlət informasiya sistemi hazırlayaraq vahid portala inteqrasiya edib.
Sistem məcburi köçkünlərin adlı siyahılarından ibarətdir və onların dəqiq sayı, adların dəqiqliyi və s. kimi məsələlərin reallaşmasına xidmət edir.
Komitənin mütəxəssisi Mahir Dadaşov bu haqda “Elektron hökumət” portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən “Elektron hökumət” bülleteninin may sayının təqdimatı üzrə keçirilən brifinqdə məlumat verib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarı ilə komitə tərəfindən 4 elektron xidmətin göstərilməsi təsdiq olunub. O xidmətlərdən biri “Məcburi köçkünlər üzrə yemək xərcləri və kommunal xidmətlər barədə məlumat verilməsi”dir:
“Bu sistem vasitəsilə artıq məcburi köçkünlər autentifikasiya yolu ilə onlayn şəkildə özləri barədə məlumatlar əldə edə biləcəklər. Amma bu bizim ilk layihəmizdir. Gələcəkdə biz bu sistemi daha geniş şəkildə formalaşdıraraq, məcburi köçkünlər və digər qurumların istifadəsinə verəcəyik. Eyni zamanda prezidentin müvafiq fərmanı ilə ünvanlı sosial yardımlar üzrə avtomatlaşdırılmış sistem də yaradılmaqdadır. Düşünürük ki, o sistemdə də komitənin yaratdığı elektron informasiya sistemində olan məlumatlardan istifadə olunacaq”.
Həqiqət İSABALAYEVA
08/05/15 Çap et