Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tallində "e-İdarəçilik" üzrə beynəlxalq konfrans davam edir


11-13 may tarixlərində nəzərdə tutulmuş "e-İdarəçilik" üzrə beynəlxalq konfrans  "Dövlət idarəçiliyi islahatları" seminarı ilə öz işinə başlayıb. Elektron hökumət quruculuğuna həsr olunan konfransda elektron idarəetmə sahəsi üzrə dünyanın aparıcı ekspertləri, hökumət, biznes, akademiya nümayəndələri, beynəlxalq təşkilatlar, eləcə də vətəndaş cəmiyyəti qrupları iştirak edirlər.

 
Konfransda mühazirəçi qismində Ukrayna Elektron İdarəçilik üzrə Dövlət Agentliyinin birinci müavini Taras Oliinyk, Belçikadan İKT və E-hökumət üzrə nümayəndə Frank Leyman, Estoniyanın Rəqəmsal İdarəçilik Qaydaları üzrə məsləhətçisi Siim Sikkut eləcə də, Azərbaycandan Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
 
Konfransın açılış seminarında Estoniyanın prezidenti H.E.Toomas Hendrik Ilves çıxış edərək Estoniyanın "Elektron Hökumət" quruculuğundan bəhs etmişdir. O, "Elektron Hökumət" quruculuğunun əsas üstünlüklərinin - şəffaflıq, effektivlik və cavabdehlik olduğunu xüsusilə vurğulamışdır.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə çıxış edərək konfrans iştirakçılarına Azərbaycanda Elektron İdarəçilik üzrə görülən işlər barədə ətraflı məlumat verib. O, Azərbaycanda qurulmuş "Elektron Hökumət" infrastrukturunun beynəlxalq təcrübəyə əsaslandığını vurğulayıb. Məruzəçi "Elektron Hökumət" portalı və startup layihələri üzrə də geniş məlumat vermişdir.
 
"Elektron Hökumət" portalının operatoru - RYTN-nin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov yarandığı gündən bu günədək portalın keçdiyi inkişaf mərhələləri üzrə ətraflı məlumat vermiş, portal üzərindən təqdim olunan aktual elektron xidmətləri qeyd edib. "Elektron Hökumət" portalı üzrə mövcud statistik göstəriciləri vurğulayan məruzəçi, bu sahədə əldə olunmuş nailiyyətlərin və portala geniş istifadəçi marağının olmasının qurumlar ilə əlaqəli fəaliyyətin nəticəsində əldə olunduğunu qeyd edib.
 
Qeyd edək ki, konfrans çərçivəsində nazir müavini E.Vəlizadənin 13 may tarixində konfransın bağlanış mərasimində çıxışı planlaşdırılıb.





13/05/15    Çap et