Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məktəblilər Yüksək Texnologiyalar Parkının fəaliyyəti ilə tanış olublar (FOTO)


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) və Təhsil Nazirliyi arasında birgə həyata keçirilən layihə çərçivəsində məktəblilər Yüksək Texnologiyalar Parkı ilə tanış olublar.
 
Bakı şəhəri 160 saylı orta məktəbin şagirdlərindən ibarət gənc ziyarətçilərə ölkədə İKT sektorunun inkişafı üzrə həyata keçirilən islahatlar, bu sahədə görülən işlərə dair kiçik təqdimat keçirilib, eyni zamanda Yüksək Texnologiyalar Parkının fəaliyyəti haqda məlumat verilib.
 
Qeyd edilib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı” (“YT Park”) respublika prezidentinin 5 noyabr 2012-ci il tarixli fərmanı ilə yaradılıb. “Yüksək Texnologiyalar Parkı”- informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir. “YT Park”ın qurulmasında əsas məqsəd iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsi, elmi tədqiqatlar aparılması və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslərin yaradılmasının təmin edilməsidir.
 
Həmçinin qeyd edilib ki, hazırda Yüksək Texnologiyalar Parkının yaradılması üzrə işlər davam etdirilir. 
 
Belə ki, parkın tikintisi məqsədilə ayrılmış ərazidə abadlıq və tikintiyə hazırlıq işləri, habelə parkın infrastrukturunun qurulması məqsədilə baş planın hazırlanması işləri memar şirkəti ilə birlikdə görülür. Daha sonra İKT sahəsi üzrə özəl sahibkarlığın inkişafı, innovativ biznesin stimullaşdırılması, həmçinin yeni yaranan “start-up” şirkətlərin kiçik sahibkarlıq subyektləri kimi inkişaf etdirilməsi üzrə görülən tədbirlərdən söz açılıb, YTP-nin “PiCampus” Biznes İnkubasiya Mərkəzində fəaliyyət göstərən “start-up” layihələri barədə də ətraflı məlumatlar verilib.
 



Qeyd edilib ki, hazırda İnkubasiya Mərkəzində 38 layihə fəaliyyətini davam etdirir.
 
Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 26 fevral 2015-ci il tarixli 481 saylı Fərmanı ilə RYTN-in  tabeliyində “YT Park” MMC-nin Mingəçevir şəhərində istifadəsində olan 1,3 hektar torpaq sahəsində Mingəçevir Yüksək Texnologiyalar Parkı yaradılıb. Park innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması və onların nəticələrinin tətbiqi üzrə işləri həyata keçirir.



 

Beynəlxalq əlaqələrin genişləndirilməsinə gəlincə, “YT Park” MMC artıq Elmi-Texnoloji Parklar və İnnovativ Ərazilər üzrə Beynəlxalq Təşkilata (WTA) üzv qəbul olunmuş və təşkilatın müşahidəçi üzvü seçilib.
 
 
 
Həqiqət İSABALAYEVA




15/05/15    Çap et