Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“İnsan hüquqları aylığı” keçiriləcək
Azərbaycanda mayın 18-dən iyunun 18-dək “İnsan hüquqları aylığı” keçiriləcək. Bu ay çərçivəsində bir sıra sahələrdə olduğu kimi, internet və informasiya-kommunikasiya texnologiyaları istiqamətində insan hüquqları ilə bağlı tədbirlərin reallaşdırılması nəzərdə tutulub.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ənənəvi olaraq, mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan hüquqları aylığı” keçirilir. E.Süleymanova “İnsan hüquqları aylığı” keçirilməsi ilə bağlı dövlət qurumlarına, şəhər və rayon icra hakimiyyətlərinə, Milli QHT Forumuna məktubla müraciət edib.
Qeyd olunmalıdır ki, hər il keçirilən bu aylıq çərçivəsində dövlət qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və icmalar tərəfindən insan hüquqları sahəsində səmərəli əməkdaşlığın davamı kimi, ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müddəaları əsasında respublikanın bütün regionlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil olunur.
Aylıq çərçivəsində müvafiq qurumlar tərəfindən keçirilmiş və aylığın sonuna qədər gerçəkləşdiriləcək maarifləndirmə tədbirləri, cari ilin birinci yarısında insan hüquqları sahəsində görülən işlər haqqında məlumatları, insan hüquqlarının daha səmərəli təmini ilə əlaqədar təkliflərini ombudsmana təqdim edəcəklər.
Həmin aylıq çərçivəsində keçirilən tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğinə, insanların hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verəcəkdir.
SEYMUR
15/05/15 Çap et