Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Beynəlxalq İşıq və İşıq əsaslı Texnologiyalar İli”
Bu il Ümumdünya Metrologiya günü BMT-nin Baş Assambleyası tərəfindən elan edilən və YUNESKO tərəfindən təşkil olunan “Beynəlxalq İşıq və İşıq əsaslı Texnologiyalar İli” tədbirləri ilə dəstəklənir.
Belə ki, “Ölçmələr və işıq” adlandırılan metrologiya günü münasibətilə keçiriləcək tədbirlərdə işığın həyatımızdakı rolu, enerji mənbəyi kimi istifadəsi, foton texnologiyalar üçün əsas olması və digər mühüm xüsusiyyətlərindən bəhs olunacaq.
Daha effektiv enerji hasilatında, iqlim dəyişikliyinin öyrənilməsində, şəhər və kəndlərin müvafiq qaydada işıqlandırılmasında müstəsna xidməti olan işıq texnologiyalarının tətbiqi və gələcək inkişafında metrologiyanın rolu, həmçinin qabaqcıl ölçü texnologiyalarının vacib yeni elementlərinin əsası kimi mövzular prioritet təşkil edəcək. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən qeyd edilib ki, müəyyən edilmiş metroloji norma və qaydalara riayət edilməsi Azərbaycan dövlətinin diqqətində olan ən vacib məsələlərdəndir.
Hazırda Azərbaycanda ölçmələrin vəhdətini və dövlət etalonlarından ötürülməsini təmin etmək məqsədilə milli etalon bazasının təkmilləşdirilməsi üzrə işlər aparılır. Belə ki, Komitənin Milli Etalon Mərkəzində kütlə, təzyiq, sıxlıq və özlülük, temperatur, elektrik, vaxt və tezlik, dozimetriya dövlət etalonları saxlanılır və adıçəkilən sahələr üzrə ölçmələr digər ölçmə vasitələrinə ötürülür. Yaxın 2 il ərzində qaz qarışıqlarının hazırlanması, qaz analizi, nəmlik, müqavimət, elektrik tutumu, həcm, yüksək gərginlik, optika, akustika və titrəmə, dalğa uzunluğu və s. etalon laboratoriyalarının yaradılması planlaşdırılıb.
Qeyd edək ki, komitənin təşkilatçılığı ilə 20 may 2015-ci il tarixində Ümumdünya Metrologiya Gününə həsr olunmuş “Ölçmələr və İşıq” mövzusunda keçiriləcək beynəlxalq seminarda Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun (BİPM) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Endi Henson, Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatın (OİML) direktor müavini Yan Danmil və digər təşkilatların nümayəndələri iştirak edəcək.
Həqiqət İSABALAYEVA
18/05/15 Çap et