Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2018-ci ildə “8K” formatını dəstəkləyən televizorlar əlçatan olacaq
Analitiklər üç il sonra ultra yüksək təsvir ölçülü yeni nəsil televizorların istehlak bazarına çıxarılmasını proqnozlaşdırır. Ehtimal ki, Cənubi Koreya istehsalçıları ilk belə məhsul təqdim edəcəklər.
“DisplaySearch” analitik şirkətinə istinadən “Yonhap” nəşri yazır ki, displey texnologiyaları altı ildə bir dəfə təkmilləşdirilir: 2000-2006-cı illərdə “HD” formatlı panellərə tələbat böyük olub, 2006-2012-ci illərdə “Full HD” təsvir ölçülü ekranlar ili olub, 2012-ci ildə “4K” təsvir ölçülü ekranlar geniş yayılmağa başlayıb və 2018-ci ilədək bu vəziyyət davam edəcək.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, bu tendensiyanı nəzərə alan ekspertlər hesab edir ki, 2018-ci ildə “8K” (7680x4320 piksel) formatı televizorlar üçün yeni təsvir standartı olacaq. Müqayisə üçün, “4K” və “Full HD” formatları üçün təsvir ölçüləri müvafiq olaraq 3840x2160 və 1920x1080 nöqtə təşkil edir. Beləliklə, “8K” detallaşdırma səviyyəsinə görə “4K” formatını 4, “Full HD”-ni isə 16 dəfə qabaqlayır. “4K” formatında televiziya yayımı yalnız peyk və ya internet üzərindən həyata keçirilir.
Mütəxəssislərin proqnozuna görə, Cənubi Koreyanın televizor istehsalçıları 2016-cı ildə “8K” panellərin kütləvi istehsalına başlayacaq.
Emil Hüseynov
18/05/15 Çap et