Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Aqrar sahədə tətbiq edilən informasiya-kommunikasiya texnologiyaları nümayiş olunacaq
Bakıda aqrar sahədə tətbiq edilən informasiya-kommunikasiya texnologiyaları nümayiş olunacaq. Məhsuldarlığın artırılmasına, iş bölgüsünün sürətləndirilməsinə, fiziki əməyin azaldılmasına, eləcə də məhsulların çeşidlənməsində geniş istifadə olunan İT avadanlığı azərbaycanlı fermerlərə göstəriləcək.
Bu, may ayının 21-də start götürəcək kənd təsərrüfatı təyinatlı məhsul və texnika istehsalçılarının iri regional forumu - 9-cu Azərbaycan Beynəlxalq "Kənd təsərrüfatı" ("CaspianAgro 2015") sərgisində baş verəcək. Azərbaycanda "Kənd Təsərrüfatı İli"nə təsadüf edən bu sərgi aqrar sənaye kompleksinin mütəxəssisləri, fermerlər, kənd təsərrüfatı məhsullarının distributorları, balıq təsərrüfatı və un istehsal edən zavodların sahibləri, habelə Azərbaycanda kənd təsərrüfatının inkişafına maraq göstərən və bu prosesdə fəal iştirak edən insanların görüş yerinə çevriləcək.
Sərgidə kənd təsərrüfatı sahəsi üzrə yeniliklər, işgüzar əlaqələr, kənd təsərrüfatı sahəsinin yeni inkişaf mərhələsinə cəlb olunmuş dövlət təşkilatlarının nümayəndələri ilə görüşlər və xarici həmkarların təcrübəsi qida bazarında Azərbaycan kənd təsərrüfatı məhsullarının rəqabətədavamlı olmasına və investisiya həcminin artmasına kömək edəcəkdir. Sərgi 2015-ci il may ayının 21-dən 23-nə kimi Bakı Ekspo Mərkəzində davam edəcək.
Ümumilikdə, sərgi kənd təsərrüfatı sektorunun ən aktual sahələrini əhatə edəcək, belə ki, sərgidə maldarlıq, suvarma, irriqasiya və digər sistemlər geniş şəkildə təqdim olunacaq. Həmçinin, heyvan və quşların saxlanması və yemlənməsi, eləcə də kənd təsərrüfatı məhsullarının sonrakı emalı üçün ən son avadanlıqlar, yemin hazırlanması və saxlanması üçün müasir texnika, o cümlədən mikroiqlimin dəstəklənməsi, enerji istehsalı və ətraf mühitin mühafizəsi üzrə texnika nümunələri və baytarlıq preparatları, heyvan və quşların saxlanma yerlərinin tikintisi üzrə layihələrlə yanaşı, heyvandarlıq proqramları, mal-qara sürüsünün reproduksiyası üzrə metodikalar və bir sıra digər məsələlər sərgi ziyarətçilərinin diqqətini cəlb edəcək.
İlk dəfə olaraq, sərgidə Şri-Lanka və İordaniya şirkətləri də iştirak edəcəklər. Ümumilikdə, sərgi iştirakçılarının 50%-ni yeni şirkətlər təşkil edəcək.
SEYMUR
19/05/15 Çap et