Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa Oyunları üzrə hərəkət zolaqları 29 may tarixindən etibarən müşahidə kameraları vasitəsilə izləniləcək


Birinci Avropa Oyunları zamanı şəhər sakinlərinin və qonaqların rahat və təhlükəsiz nəqliyyat xidmətləri ilə təmin olunması məqsədi ilə yollarda xüsusi qaydalar tətbiq olunacaq.

Bu qaydalara Oyunların Əsas Marşrut Şəbəkəsi və Oyunların hərəkət zolaqları daxildir. 29 may tarixindən etibarən bu zolaqlar fasiləsiz olaraq 24 saat Dövlət Yol Polisi və Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən həm müşahidə kameraları, həm də yollardakı Dövlət Yol Polisinin yol-patrul əməkdaşları vasitəsilə nəzarətdə saxlanılacaq.
 
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən qeyd edilib ki,  oyunların Əsas Marşrut Şəbəkəsinə yarış və əsas qeyri-yarış obyektlərini əlaqələndirən avtomobil yolları daxildir. Şəbəkə boyu Oyunlar zamanı istifadə ediləcək, müvafiq yol nişanları ilə təchiz olunmuş xüsusi hərəkət zolaqları yaradılıb.
 
Xüsusi hərəkət zolaqlarında yol örtüyü üzərində oyunların rəsmi loqosu əks olunub, zolaq boyunca isə müvafiq yol nişanları quraşdırılıb. Oyunların xüsusi hərəkət zolaqlarından may ayının 29-dan iyul ayının 1-dək istifadə edilməsi nəzərdə tutulub.  Bu zolaqlardan yalnız Avropa Oyunları ilə əlaqəli xüsusi buraxılışları olan, həmçinin qəza-bərpa, təcili tibbi yardım, xilasedici xidmətlərinin və Dövlət Yol Polisinin nəqliyyat vasitələri istifadə edəcək.
 
Ümumi istifadədə olan və fərdi şəxslərə məxsus nəqliyyat vasitələri yolun digər zolaqları üzrə hərəkət etməlidir.  
 
 
Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımalarını həyata keçirən, habelə fərdi şəxslərə məxsus və digər xidməti nəqliyyat vasitələrinin Oyunların xüsusi hərəkət zolağından istifadə etməsi və bu zolaqlarda dayanma, durma və parklanması qəti qadağandır.  
 
Bu qaydaları pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacaqlar.  
 
 
 
 
Həqiqət İSABALAYEVA




19/05/15    Çap et