Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

TASİM Cenevrədə beynəlxalq ictimaiyyətə təqdim ediləcək


Azərbaycanın "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi İsveçrənin Cenevrə şəhərində gələcək inkişaf üçün uğurlu layihə qismində dünya ictimaiyyətinə təqdim olunacaq.
 
Qeyd edək ki, Çin hökuməti tərəfindən adıçəkilən şəhərdə mayın 25-də rabitənin inkişafı istiqamətində beynəlxalq tədbir keçiriləcək.
 
 "İKT nailiyyətləri – Sosial və iqtisadi inkişaf üçün daha yaxşı rabitənin qurulması" mövzusunda təşkil ediləcək konfransa dünyanın bir çox ölkəsinin beynəlxalq layihəsi dəvət edilib. Onlardan da biri Azərbaycan tərəfindən irəli sürülən "Trans-Avrasiya Super İnformasiya Magistralı" layihəsidir.
 
 
Bu tədbirdə TASİM layihəsinin direktoru Zaur Həsənov geniş təqdimatla çıxış edəcək. O, layihə çərçivəsində görülən işlərdən, hazırkı durumdan və qarşıda duran vəzifələrdən bəhs etməklə yanaşı, "Trans-Avrasiya Super İnformasiya Magistralı"nın region ölkələrinə və internetin, rabitənin genişlənməsinə verəcəyi töhfələrdən söz açacaq.
 
Məlumat üçün bildirək ki, TASİM layihəsinin məqsədi əsasən Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Layihədə Frankfurtdan Honkonqa istiqamətlənən əsas tranzit xəttinin qurulması nəzərdə tutulur. Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcəkdir.
 
 Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Almaniyaya qədər uzanacaq. Ehtiyat Şimal tranzit xətti Rusiya, Ukrayna və Polşadan keçəcəkdir.
 
 
S.QASIMBƏYLİ




19/05/15    Çap et