Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” quruculuğu üzrə keçirilmiş tədbirlər açıqlanıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) “Elektron hökumət” quruculuğu sahəsində cari ildə keçirilən tədbirlərlə bağlı məlumat yayıb.
 
Mərkəzdən verilən məlumata görə, cari ildən etibarən aylıq “Elektron hökumət” bülletenlərinin təqdimatı üzrə hər ay brifinqlər təşkil edilir,  “Elektron hökumət” üzrə ən yeni xəbərlər mətbuat işçilərinə birbaşa təqdim olunur və bu yeniliklərin işıqlandırılması üçün lazımi şərait yaradılır.
 
Bundan əlavə, təsdiq olunmuş plana uyğun olaraq, mart ayında “Elektron hökumət” üzrə jurnalistlər və İKT ilə maraqlanan tələbələr üçün MHM-də 2 günlük kurs təşkil olunub.
 
“Elektron hökumət” quruculuğu üzrə təşkil olunan maarifləndirici tədbirlərin digər məqsədlərindən biri qurumlar arasında səmərəli əməkdaşlığın yaradılmasıdır.  Cari ilin əvvəlindən bu məqsədlə  bank işçiləri  üçün  seminarlar təşkil edilib.
 
Fevral-mart aylarında portalın əməkdaşları Xəzər Universitetinin Dünya məktəbinin və Avropa Liseyinin şagirdləri ilə görüşüb, gənclərə müasir idarəçilik metodu olan "Elektron Hökumət", elektron xidmətlər barədə ətraflı məlumat verilib.
 
İlin əvvəlindən Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti və ADA Universitetində “Elektron hökumət və gənclər” mövzusunda seminarlar təşkil olunub, Elektron hökumət"in əhəmiyyəti, e-xidmətlərin gənclərin həyatında rolu, Açıq Hökumət Məlumatları və bununla bağlı olan  startup layihələri barədə gənclərə ətraflı məlumat verilib.
 
Eyni zamanda, cari ildə MHM-in mütəxəssisləri bir çox seminarlara və görüşlərə dəvət alıb. Yanvar ayında Azərbaycan Dillər Universitetində keçirilmiş dəyirmi masada Elektron Hökumət quruculuğu, elektron xidmətlərin təşkili və əhəmiyyəti barədə ətraflı informasiya verilmiş, tələbələrin sualları cavablandırılıb.
 
Həmçinin Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Texniki Universitetinin tələbələrinə “Elektron Hökumət” quruculuğu,    e-xidmətlər, "Elektron Hökumət" portalı, e-sənəd, e-imza, Açıq Hökumət Məlumatları, MHM tərəfindən hazırlanmış data.gov.az portalı barədə geniş məlumat verilib.
 
Cari ildə MHM və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşəbbüsü ilə İcra Hakimiyyəti nümayəndələri üçün bir neçə dəfə təşkil olunmuş seminarlarda mərkəzin mütəxəssisləri tərəfindən iştirakçılara “Elektron Hökumət”  portalı və e-imza layihələri barədə həm nəzəri həm də praktiki məlumatlar verilib.
 
CAHANGİR
 




19/05/15    Çap et