Dövlət Komitəsinin saytı yenilənib
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK)
rəsmi internet səhifəsinin yeni versiyası istifadəyə verilib.
Komitədən verilən məlumata görə, Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən yeni internet səhifəsi ictimaiyyət arasında yerli kapital bazarı üzrə təbliğatın daha da gücləndirilməsinə və əhalinin bu sahədə məlumatlılıq səviyyəsinin artırılmasına xidmət edir.
Yeni internet səhifəsində investorlar, emitentlər və maliyyə vasitəçiləri üçün faydalı məlumatlar əksini tapmış və onların bazarda fəaliyyəti barədə ətraflı informasiyaya yer verilib. Həmçinin, kapital bazarı göstəriciləri haqqında məlumatlar fərqli tərtibatda və geniş formada yenidən işlənib hazırlanaraq saytın istifadəçilərinə təqdim olunub.
Saytda broker, diler, depozitar, klirinq və digər peşəkar bazar iştirakçılarının fəaliyyət istiqamətləri haqqında daha dolğun məlumatlar yerləşdirilib. İstifadəyə verilən internet səhifəsində QKDK tərəfindən elektron xidmətlər, vətəndaşların qəbulu, video-qəbul bölmələri təkmilləşdirilib, sorğu paneli, həmçinin bir sıra digər yeni funksiyalar əlavə edilməklə, informasiya texnologiyalarının üstünlükləri və müasir dövrün tələbləri nəzərə alınıb.
CAHANGİR