Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əməkdar müəllim: “Bu gün şagirdlərin əsas bacarıqlarından biri də İKT və internetdən lazımi səviyyədə istifadə etməkdir”


Bakıda “Rus dili MDB ölkələrinin mədəniyyətlərarası dialoqunda “vasitəçi dil” kimi” mövzusunda  Moskva-Bakı-Astana videokörpüsü keçirilib. Videokörpü çərçivəsində rusdilli beynəlxalq təhsil və mədəniyyətlə bağlı layihələr təqdim olunmuş, onların reallaşdırılmasından söhbət açılıb.

 
Tədbirin iştirakçıları MDB ölkələrində rus dilinin inteqrativ proseslərdə inkişafı potensialı ilə bağlı müzakirələr ediblər. Bakı-Moskva-Astana  multimedialı videokörpü “Rus dili MDB ölkələrinin mədəniyyətlərarası dialoqunda “vasitəçi dil” kimi” mövzusunda keçirilən görüş Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilib. Rusiyaya canlı olaraq yayınlanan “dəyirmi masa”da ölkəmizi Təhsil Problemləri  İnstitutunun beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin  müdiri, əməkdar müəllim Almaz Həsrət ekspert kimi təmsil edib.
 
 
Moskvadan videokörpüyə qatılanlar S. Baişev adına Universitetin (Almaniya) beynəlxalq laboratoriyasının rəhbəri Yekaterina Kudryavseva,  A.S. Puşkin adına Rus dili Dövlət İnstitutunun elmi fəaliyyətin idarə olunmasının rəisi Tatyana Kudoyarova,  “Müasir təhsil texnologiyaları mərkəzi”nin baş direktoru  Serqey Bulanov, Moskva Dövlət Regional Universitetinin müasir rus dili kafedrasının müdiri Pavel Lekant,  NİU VŞE metodik mərkəzin rəhbəri Aleksandr Serov,   A.S. Puşkin adına Rus dili Dövlət İnstitutunun professoru Nataliya Braqina, şair Dmitriy Makarov və Rusiyada olan Azərbaycanlı diasporunun nümayəndələri, ali və orta məktəbdə çalışan rus dili müəllimləri, mətbuat nümayəndələri, Astanadan jurnalistlər və tələbələr qoşulublar.
 
 
A.Həsrət 2005-ci ildən başlayaraq internet məkandan istifadə edərək orta məktəbdə çalışdığı dövrlərdə qoşulduğu rusdilli layihələrdən danışıb.
 
Qeyd edək ki, əməkdar müəllimin hələ 2006-cı ildən qatıldığı yarışmaların ən uğurlusu “300 İntellektual məktəb” beynəlxalq müsabiqəsindəki fəaliyyəti idi. Bu müsabiqəyə müxtəlif xarici ölkələrdən qoşulmuşdular. Rəhbəri olduğu “VİbioKİ” komandası 30 adda layihənin 28-dən birinciliyi əldə etmişdir. Bu layihələrin hamısı rus dilində idi. “300 İntellektual məktəb”  internet müsabiqəsinin sonda qalibi Azərbaycan məktəbi oldu:
 
 “Gərək şagirdlərimizin daxilində olan mükəmməl potensiallarını üzə çıxarmağı bacaraq. Bu bacarıqlardan biri də İKT və internetdən lazımi səviyyədə istifadə etmə bacarığıdır”.
 
 
 
Həqiqət İSABALAYEVA




20/05/15    Çap et