Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Müəllimlər üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş treninq xidmətləri təşkil edilib
İnnovativ Texnologiyalar Təşkilatı (İTT) və Təhsil Nazirliyi arasında imzalanmış müqaviləyə əsasən, İTT tərəfindən Bakı şəhəri üzrə ibtidai sinif müəllimləri və ümumi təhsil müəssisələrində fəaliyyət göstərən inzibati heyət üçün 3 ay ərzində müvafiq olaraq “İbtidai siniflərdə dərs deyəcək müəllim heyəti üçün tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə” və “Təhsil sisteminin inzibati-idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş treninq xidmətləri” adlı təlimlər həyata keçirilib.
Təşkilatdan qeyd edilib ki, 3320 müəllim və inzibati heyət arasında keçirilən diaqnostik qiymətləndirmədə 519 nəfər müvəffəqiyyət qazanıb. Digərləri isə İKT savadlılığının artırılması üzrə yuxarıda qeyd olunan təlimlərə cəlb olunub.
Təlimlərin sonunda 742 nəfər müəllim və inzibati heyət yekun qiymətləndirmədə iştirak edib.
Onlardan 584 nəfəri yekun imtahanlardan müvəffəqiyyətlə keçərək sertifikat, kompüter və prometan lövhələrlə mükafatlandırılıb. Paytaxtın 276 nömrəli tam orta məktəbdə İKT savadlılığının artırılması üzrə təlimlərdə yüksək nəticə göstərən ibtidai sinif müəllimlərinin və inzibati heyətin mükafatlandırılma mərasimi keçirilib.
Ümumiyyətlə, diaqnostik qiymətləndirmədən müvəffəqiyyətlə keçmiş, həm də təlimlərdə iştirak edərək yekun qiymətləndirmədən yüksək bal toplayan 1103 müəllim və inzibati heyət sertifikata və müxtəlif hədiyyələrə layiq görülüb.
Həqiqət İSABALAYEVA
21/05/15 Çap et