Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BMT: “Ötən əsrdə repressiv dövlətlər çap maşını olanları izləyirdi, bu gün interneti bağlayırlar”


Seulda keçirilən rəqəmli forumda çıxış edən BMT baş katibi Pan Gi Mun dayanıqlı inkişafın tərəqqisi üçün yeni informasiya-kommunikasiya texnologiyalarının (İKT) böyük əhəmiyyətə malik olmasını qeyd edib.

Onun sözlərinə görə, bununla belə, İKT sahəsində inqilab kibercinayətkarlıq, internetdə izlənmə və azadlıqların məhdudlaşdırılması ilə əlaqədar yeni təhdidlərlə müşayiət olunur. BMT rəhbəri rəqəmli fərqliliyin aradan qaldırılmasına və yaranan problemlərin həllinə nail olmağa çağırıb.  
 
“Ekstremist qruplar sosial şəbəkələrdən özlərinin bəşəriyyətə nifrət bəsləyən ideologiyalarının yayılması üçün istifadə edirlər. Hökumət və şirkətlər haker hücumları təhlükəsi ilə üzləşir”, - Pan Gi Mun deyib. O xatırladıb ki, iki il əvvəl 600 milyona yaxın insan kibercinayətlərin qurbanı olub. Ekspertlərin qiymətləndirməsinə görə, dünya iqtisadiyyatının bu cinayət növündən illik zərəri təxminən 400 milyard dollar təşkil edəcək.
 
BMT rəhbəri əlavə edib ki, internetdən istifadənin genişlənməsi kibertəhlükəsizliyin təmini ilə müşayiət olunmalıdır. Onun sözlərinə görə, insanlar kompüteri işə salan zaman onlar internetdə özlərini təhlükəsiz və məhdudiyyətlər hiss etməmək hüququna malik olmalıdırlar.
 
“Ötən əsrdə repressiv dövlətlər çap maşını alanları yoxlayırdılar. Müasir dünyada onlar interneti bağlayırlar. Hazırda həmçinin internetdə izlənmə problemi barədə çox danışılır”, - baş katib vurğulayıb.  
 
Bununla bağlı o qeyd edib ki, milli təhlükəsizliklə bağlı mülahizələr və cinayətkar fəaliyyətlə əlaqədar qorxu üçün izlənmədən istifadəyə yalnız müstəsna hallarda haqq qazandırıla və məhdud xarakter daşıya bilər.
 
“Lakin izlənmə həyata keçirilən zaman şəxsi həyat hüququnun qorunması təmin edilməlidir. Şəxsi yazışmaları heç bir əsas olmadan yoxlamaq olmaz”, - Pan Gi Mun bildirib.
 
Pan Gi Mun çıxışında deyib ki, bu gün dünyada orta hesabla hər yeddi ailədən altısı mobil telefona malikdir. Hazırda üç milyard insan internetdən istifadə edir və bu say sürətlə artmaqda davam edir. Afrikada 2010-cu ildə 2 faiz təşkil edən genişzolaqlı rabitənin əhatə dairəsi ötən il 20 faizədək artıb. Koreya Respublikası dünyada ən sürətli, ucuz və şaxələnmiş genişzolaqlı internet şəbəkəsinə malikdir.  
 
O, Seulu digər ölkələrə inkişafın sürətləndirilməsi və bərabərsizliyin azaldılması üçün müasir texnologiyalardan istifadədə daha çox yardım etməyə çağıraraq bu gün dünyanın biliklərə əsaslanan iqtisadiyyata keçməsini vurğulayıb.
 
“İKT inkişafa böyük təsir göstərir. İnformasiya yeni neft deməkdir. Məlumat emalı mərkəzləri XXI əsrin fabriklərinə çevrilib. İnformasiya qərarların qəbulu üçün mənbədir”, - baş katib çıxışında bildirib. O qeyd edib ki, qabaqcıl informasiya-kommunikasiya texnologiyaları tərəqqini sürətləndirsə də, yeni təhlükələr daşıyır ki, onların da aradan qaldırılması üçün beynəlxalq ictimaiyyət tərəfindən yekdil və razılaşdırılmış yanaşma tələb olunur.
 
“Texniki tərəqqinin qarşısını almaq mümkün deyil və o, dünyaya çoxlu müsbət dəyişikliklər gətirir”, - Pan Gi Mun bəyan edib. O, yeni dayanıqlı inkişaf erasının yaradılması üçün yeni texnologiyalardan istifadəyə çağıraraq əlavə edib ki, İKT sahəsində inqilab yaranan problemlərin həlli ilə müşayiət olunmalıdır, - BMT saytı  yazır.  




21/05/15    Çap et