Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti "əşyaların interneti" üçün “Brillo” platformasını hazırlayır


“Google” korporasiyası internetə qoşulmuş müxtəlif azgüclü qurğular üçün nəzərdə tutulmuş yeni əməliyyat sistemi hazırlayır.

Məlumata əsasən, layihə “Brillo” adlanır. Yeni məhsulun xüsusiyyətləri haqda məlumat azdır. ƏS-nin işləməsi üçün yalnız 64 və ya hətta 32 MB əməli yaddaş lazımdır. Bu o deməkdir ki, sözügedən platforma müxtəlif məişət qurğuları, intellektual sensor modullarında tətbiq ediləcək.

"ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, “Brillo” platforması “Android” mobil əməliyyat sisteminin ekosisteminə daxil ediləcək. Güman ki, yeni əməliyyat sistemi “Google”un bəzi onlayn xidmətləri ilə sıx qarşılıqlı əlaqədə olacaq.

Beləliklə, İT bazarın başqa iştirakçıları kimi “Google” şirkəti də "əşyaların interneti" sahəsində inkişafı planlaşdırır. “Gartner” tədqiqat şirkətinin proqnozuna görə, 2020-ci ilədək internetə qoşulmuş ən müxtəlif cihaz, cihaz və qurğuların sayı 26 milyarda yaxınlaşacaq. 2009-cu ildə bu göstərici təxminən 900 milyon təşkil edib.

Emil Hüseynov




22/05/15    Çap et