Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

AMEA İdarəetmə Sistemləri İnstitutunun 50 illik yubileyi qeyd edilib


Mayın 22-də AMEA İnformasiya Texnologiyaları İnstitutunun konfrans zalında İdarəetmə Sistemləri İnstitutunun (İSİ) 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
 
Tədbirdə xarici qonaqlar, dövlət rəsmiləri, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin üzvləri, AMEA-nın və respublikanın ali təhsil müəssisələrinin alim və mütəxəssisləri, KİV nümayəndələri iştirak ediblər.
 
Yubiley tədbirini giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə İSİ-nin fəaliyyət göstərdiyi müddətdə Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən, texnoloji proseslərin riyazi modelləşdirilməsi, idarəetmə sistemləri və informasiya-telekommunikasiya sistemlərinin nəzəri və tətbiqi problemlərinin həlli və Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində real nəzarət və idarəetmə sistemlərinin yaradılması və tətbiqi istiqamətindəki çoxşaxəli fəaliyyətindən söz açıb.
 
AMEA prezidenti bildirib ki, institutun fəaliyyətini ölkəmizin inkişaf konsepsiyasına və yeni prioritet elmi istiqamətlərə uyğunlaşdırmaq məqsədi ilə Nazirlər Kabinetinin 15 aprel 2014-cü il tarixli qərarı ilə adı dəyişdirilərək “İdarəetmə Sistemləri İnstitutu” adlandırılıb.
 
Akademik A.Əlizadə, həmçinin institutun Azərbaycanda informatika elminin təşəkkülü və bu sahə üzrə yüksəkixtisaslı kadrların hazırlanmasında əvəzsiz rola malik olduğunu vurğulayıb.
 
Tədbirdə institutun direktoru, akademik Telman Əliyev “İdarəetmə Sistemləri İnstitutunun yaranması və inkişaf mərhələləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə institutun keçdiyi tarixi yola bir daha nəzər salınıb və qeyd edilib ki, İSİ (Kibernetika İnstitutu) 1965-ci ildə təsis edilmişdir. Strateji əhəmiyyətli və elmtutumlu problemlərin araşdırılmasına həsr edilmiş elmi-tədqiqatların yüksək nəzəri səviyyədə yerinə yetirilməsi institutun əsas hədəflərindəndir.
 
İnstitut direktoru bildirib ki, son 10 ildə bu elmi müəssisə tərəfindən 177 iş respublikanın müxtəlif sahələrində tətbiq edilib, 3089 elmi əsər, (1363 xaricdə), 69 monoqrafiya (30 xaricdə) çap olunub, 39 qrant, 3 beynəlxalq, 14 Avrasiya, 14 Azərbaycan Respublikasının patenti alınıb. Hazırda institutun 4 şöbəsində 25 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir.
 
İnstitutun elmi-təşkilati fəaliyyətindən söz açan akademik Telman Əliyev burada “İdentifikasiya nəzəriyyəsi”, siqnalların emalı, riyazi modelləşdirmə, optimallaşdırma, süni intellekt, müxtəlif təyinatlı və səviyyəli intellektual informasiya sistemləri, neftqazçıxarma, neftemalı, nəqliyyat, energetika, həmçinin tikinti sahələrini əhatə edən paylanmış intellektual monitorinq və diaqnostika sistemləri kimi bir çox fundamental problemlərin tədqiq edildiyini bildirib.
 
T.Əliyev institutda aparılan elmi-tədqiqat işlərinin AR Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”na dair Sərəncama uyğun elmi proqramlar əsasında formalaşdırıldığını nəzərə çatdırıb.
 
Akademik, həmçinin İSİ-nin ABŞ, Almaniya, İtaliya, Yaponiya, Rusiya, Türkiyə və digər ölkələrin elmi-tədqiqat müəssisələri ilə sıx əməkdaşlıq əlaqələrinə malik olduğunu qeyd edib.
 
Sonra institutun inkişaf yolundan bəhs edən film nümayiş etdirilib.
 
AR Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının inkişafının perspektiv istiqamətlərindən danışıb. Respublikamızda informasiya cəmiyyətinin qurulması ilə əlaqədar milli inkişaf modelinin formalaşdığını söyləyən E.Vəlizadə qeyd edib ki, intellektual əməyə əsaslanan cəmiyyətə keçid elm və təhsil sahəsində bütün ənənəvi modellərin transformasiyasını gündəmə gətirir. Bu məsələ də alim və mütəxəssislərimizin diqqət mərkəzindədir. E-təhsil və e-elmin inteqrasiyası, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi elm və təhsil sahəsinin inkişafında əhəmiyyətli irəliləyişlərin əldə olunmasını, bilik və təcrübə mübadiləsinin aparılmasını sürətləndirən amil kimi dəyərləndirilir.
 
Daha sonra çıxış edən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev elektron hökumətin elmi tutumlu aktual problemlərindən danışıb. Akademik bildirib ki, Azərbaycan elminin beynəlxalq elmi mühitə inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədi ilə ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncam və fərmanlar, o cümlədən “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nda qeyd olunmuş bir çox tələblər elmdə aparılan islahatlar çərçivəsində elmi fəaliyyətin müasir İKT əsasında yenidən qurulması və inkişaf etdirilməsi məsələsini zəruri edib. Bu istiqamətdə Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq qurumlarında, eləcə də İnformasiya Texnologiyaları İnstitutunda məqsədyönlü işlər həyata keçirilir.
 
AMEA-nın akademik-katibi qeyd edib ki, ölkəmizdə e-dövlətin formalaşdırılması istiqamətində kompleks tədbirlər “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” çərçivəsində davam etdirilir.
 
Tədbirdə çıxış edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədova, Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Nikolay Filimonov, Aktika Akademiyasının (Sankt-Peterburq) prezidenti Valeriy Mitko, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (MAQATE) Proqram təminatı şöbəsinin rəhbəri Bəxtiyar Siracov, Türkiyənin Dokuz Eylül Universitetinin (İzmir) dekanı Əfəndi Nəsibov və başqaları institutun tarixindən danışıb, aparılan tədqiqat işləri və əldə olunmuş nailiyyətlərlə bağlı fikirlərini bölüşüblər. Çıxış edənlər əlamətdar gün münasibətilə institutun əməkdaşlarını təbrik edib, onlara yeni uğurlar arzulayıblar.
 
Tədbirdən sonra xarici qonaqlar İdarəetmə Sistemləri İnstitutunun sərgi zalı və elmi-tədqiqat laboratoriyaları ilə tanış olublar.




22/05/15    Çap et