Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kibercinayətkarlar narkotik alverçilərindən daha çox qazanır


“Symantec” şirkəti kibercinayətkarların və telefon dələduzlarının fəaliyyətindən dəyən ümumi zərəri hesablayıb.

“Norton Cybercrime Report 2011” hesabatında bildirilib ki, İT cinayətkarlar il ərzində 114 milyard dollar "qazanırlar". Kibercinayətkarlıqla bağlı əlavə zərərlər 274 milyard dollar dəyərində qiymətləndirilib.

Belə olan halda isə, ümumi ziyan il ərzində 388 milyard dollara çatır. Müqayisə üçün: marixuana, kokain və heroinin bazarda qanunsuz dövriyyəsi təxminən 288 milyard dollar təşkil edir.

“Symantec” şirkəti qeyd edib ki, keçən il 431 milyon insan kibercinayətkarların qurbanı olub. İnternetin yaşlı istifadəçilərinin təxminən 69%-i bir dəfə də olsa dələduzlarla rastlaşıb.

Hər saniyə 14 insan və ya gündə 1 milyondan çox insan cinayətkarların hədəfinə çevrilir. Kibercinayətkarların ən məşhur alətləri virus, troyan və fişinq üsulları olaraq qalır.




09/09/11    Çap et