Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Səfir: “Ukrayna Azərbaycanla kosmik sənaye sahəsində təcrübə və texnologiya mübadiləsi etməyə hazırdır”


Məlum olduğu kimi, Ukrayna bu gün heç də tarixinin yaxşı günlərini yaşamır, baxmayaraq ki, ölkədə vəziyyət gərgin olaraq qalır və davam edən silahlı münaqişə hələ də davam edir. Bununla belə, Ukrayna tərəfdaş ölkələrlə iqtisadiyyat sahəsində əməkdaşlığı bərpa etməyə çalışır, bu ölkələrdən biri də Azərbaycandır.

"Rabitə dünyası" qəzetinə eksklüziv müsahibəsində Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko ölkələrimizi birləşdirən problemlər, siyasi əməkdaşlığın inkişafı, iqtisadiyyatın müxtəlif istiqamətlərində, o cümlədən İKT, yüksək texnologiyalar və nüvə tədqiqatları sahələrində əməkdaşlıq və ümumiyyətlə, Azərbaycanla bağlı təəssüratları haqda bəhs edib.

 

Məlumdur ki, Ukraynanın Azərbaycandakı səfiri vəzifəsinə təyin olunmağınızdan öncə Siz diplomatik missiyanızı Polşa, Avstraliya və Türkiyədə davam etdirmisiniz. Yeni təyinatınızla bağlı ilk gözləntiləriniz necə oldu, Azərbaycan haqda təəssüratlarınız necə idi və işlədiyiniz ölkələr arasında fərq nədə oldu?

 

Azərbaycana təyin olunduqdan öncə mənim digər ölkələrdə müəyyən təcrübəm var idi, o cümlədən mən artıq Avstraliyada, Türkiyədə səfir, Polşada səfir müavini, İstanbulda isə baş konsul vəzifəsində çalışmışdım.

Baxmayaraq ki, qeyd edilən ölkələr də Ukrayna üçün dost və qardaş ölkələrdir, lakin Azərbaycanla Ukrayna arasında əməkdaşlıq başqa xüsusiyyət daşıyır.

Yəqin ki, Ukrayna ilə Azərbaycanın uzun illər ərzində bir dövlətin - SSRİ-nin hissəsi olması bizim münasibətlərimizə xüsusi təsir göstərib. Bizim xalqlarımız arasında həmişə qarşılıqlı anlayış və hörmət olub. Bu vəziyyət postsovet dövründə də, ölkələrimiz müstəqillik qazandıqdan sonra da davam edib.

İstər Azərbaycanda, istərsə də Ukraynada insanlarla danışdıqda xalqlar arasında səmimi dost münasibətlərinin olduğunu hiss etmək mümkündür.

Azərbaycana təyin olunduqdan öncə mən dəqiq bilirdim ki, dost ölkəyə gedirəm. Səfirlik qarşısında qoyulan əsas məqsədlərdən biri ikitərəfli əməkdaşlığı maksimal dərəcədə optimallaşdırmaq və dərinləşdirməkdir, bu münasibətləri hər iki tərəf üçün əlverişli və daha da praqmatik, konkret nəticə əldə etməyə yönəldilmiş etməkdir. Ənənəvi olaraq, ötən illər ərzində Ukrayna Azərbaycanda, idarəetmə sahəsində böyük təcrübəyə malik olan, Ukraynanın müxtəlif regionlarынda işləyən eks-rəhbər olan səfirlərlə təmsil olunub. Lakin həyat dəyişir, əməkdaşlığın aktivləşməsi yeni yanaşmalar və əlbəttə ki, yeni kadrlar tələb edirdi. Azərbaycana yeni səfir vəzifəsinə, Ukraynanın xarici nümayəndəliklərinin rəhbəri vəzifəsində və ölkənin Xarici İşlər Nazirliyinin mərkəzi aparatında böyük iş təcrübəsi olan diplomatın təyin edilməsi məhz bu dəyişikliklərin nəticəsi oldu.

 

Azərbaycanda diplomatik missiyanız 2011-ci ildə başlayıb, bu, az müddət deyil, bu vaxt ərzində qarşınıza qoyulan məqsədlərə nail ola bilmisinizmi, bu yolda hansı çətinliklərlə rastlaşmısınız?

 

Mənim Azərbaycanda fəaliyyətim 2011-ci ilin aprel ayından Ukrayna prezidentinin Azərbaycana rəsmi səfərindən sonra başlayıb. Biz qarşımızda ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi üzrə yetərincə ambisiyalı hədəf qoymuşuq. Belə ki, bizim tikinti sahəsində uğurlu layihələrimiz var idi - Ukraynanın "İnterbudmontaj" tikinti assosiasiyasının Bakı Metropoliteninin tikintisində iştirakı nəzərdə tutulurdu. Bu, özünəməxsus flaqman layihə idi, lakin təəssüf ki, Ukraynanın keçmiş rəhbərliyinin məntiqsiz fəaliyyəti nəticəsində o layihə reallaşmadı. Bu gün isə biz qeyd edilən Ukrayna şirkətinin Azərbaycanın tikinti layihələrində iştirakı ilə bağlı danışıqlar aparırıq.

 

Azərbaycanla Ukrayna arasında əməkdaşlıq əlaqələrini necə qiymətləndirirsiniz, elə sahələr varmı ki, orada daha da irəli getmək istərdiniz və hansı sahələrdə əməkdaşlığı uğurlu hesab etmək olar?

 

Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biri bu gün hərbi-texniki, yüksək texnologiyalar və humanitar sahələrdə əməkdaşlığı hesab etmək olar.

Azərbaycanla Ukrayna ənənəvi olaraq bir-birini hərbi-texniki əməkdaşlıq sahəsində dəstəkləyiblər, bu da yaranmış vəziyyətdə, Azərbaycanın ərazisinin bir qisminin Ermənistanın işğalı altında, Ukraynanın isə ərazisinin bir qismi Rusiya tərəfindən işğal edildiyi halda, müəyyənedici amildir. Demək istərdim ki, bizim ölkələrin ərazi bütövlüyünün və müstəqilliyinin pozulması problemi bizim ölkələrin siyasi əməkdaşlığının əsasını təşkil edir. Rəsmi Kiyev və Bakı məlum olduğu kimi, bütün səviyyələrdə və bütün beynəlxalq formatlarda bir-birini hər iki dövlət üçün aktual olan bu problemin həlli yollarının axtarışında dəstəkləyirlər.

Biz eyni zamanda energetika və aqrar-sənaye sahələrində əməkdaşlıq məsələlərini müzakirə edirik. Belə ki, müəyyən uğurlar kənd təsərrüfatı sahəsində əldə edilib, o cümlədən, bir müddət öncə Yaltada (Krım Avtonom Respublikası) yerləşən Ukraynanın Milli Üzüm və Çaxır İnstitutu "Maqarac" ilə Azərbaycanın Üzümçülük Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq üzrə protokol imzalanıb. Bu gün üzümçülük Azərbaycan iqtisadiyyatının yetərincə vacib sahəsidir, bizdə Krımda isə müvafiq baza mövcud idi. Təəssüf ki, Ukraynanın Krımı bu gün işğal edilib və biz bu anlaşmaların reallaşdırılmasını təxirə salmalı olacağıq.

 

Azərbaycanla Ukrayna arasında İKT, yüksək texnologiyalar, elm, nüvə tədqiqatları sahələrində əməkdaşlıq necə inkişaf edir, bu sahədə hər hansı əhəmiyyətli dəyişikliklər gözləmək olarmı?

 

Ukrayna ilə Azərbaycan arasında ənənəvi olaraq İKT və yüksək texnologiyalar sahəsində yaxşı münasibətlər qurulub. Ukraynanın kosmik sənayesinin flaqmanları, Dnepropetrovskda yerləşən "KB "Yujnoye" və "Yujnıy maşinostroitelnıy zavod", Azərbaycanda kosmik sahənin inkişafı üzrə bir neçə layihədə iştirak ediblər. Buna misal olaraq, Yer səthinin məsafədən müşahidəsi peykinin yaradılması layihəsinin reallaşdırılması və ilk Azərbaycan telekommunikasiya peykinin Ukraynanın "Zenit" raketdaşıyıcısı ilə orbitə çıxarılması üzrə tenderlərdə iştirakı qeyd edə bilərəm. Baxmayaraq ki, biz uğursuzluqdan bu tenderlərdə qalib gələ bilmədik, bizim Azərbaycana kosmik sənayenin inkişafı üçün təkliflərimiz var. Belə ki, biz Azərbaycanda kiçik peyklərin istehsalı üçün bazaların yaradılmasında dəstək ola bilərik, bunun üçün texnoloji imkan və kadr mübadiləsi apara bilərik.

Biz şadıq ki, Dnepropetrovsk Dövlət Universitetinin Кosmik texnologiyalar fakültəsi Azərbaycan Aviasiya Akademiyasında analoji fakültənin yaradılmasında iştirak edib. Bizim təlim planlarımız, metodik vəsaitlərimiz artıq 3 ildir ki, Azərbaycan Aviasiya Akademiyasında aktiv istifadə edilir. Ukrayna elmi-tədris kadrları Azərbaycanda kosmik ixtisas üzrə milli kadrların hazırlanmasında iştirak edirlər.

Yüksək texnologiyalar, kosmik sənaye, aviatexnika, nüvə texnologiyaları sahəsində əməkdaşlıqda Ukrayna müəyyən işlər görüb. Hazırda birgə dövlətlərarası Ukrayna-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə komissiyanın iclasına hazırlaşırıq. Bu iclas çərçivəsində ən effektiv əməkdaşlıq istiqamətlərinin aşkar edilməsi üçün ekspertlərin məsləhətləşmələrini keçirəcəyik.

Bu yaxınlarda biz Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Ukraynanın "Romsat" şirkətinin təqdimatını təşkil etmişdik. Məmnuniyyətlə, sizin ölkənizin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyətinin aktivləşməsini qeyd edirik və ümid edirik ki, Ukrayna şirkətlərinə bu sahədə yerli layihələrin reallaşmasında tələbat olacaq.

 

Müsahibələrinizdən birində siz bildirmisiniz ki, dünya ictimaiyyəti Qarabağ probleminə göz bağlamasaydı, Cənubi Osetiyanın Abxaziya və Krım məsələləri olmazdı. Zənninizcə, Qarabağ münaqişəsinin həllində yaxın gələcəkdə hər hansı irəliləyiş gözləmək olar?

 

Bizi ümumi problem birləşdirir - bu bizim ölkələrin müstəqilliyinin və ərazi bütövlüyünün pozulmasıdır və qeyd etdiyim kimi, bizim əməkdaşlığımızın əsas siyasi tərkibi beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləməyimizdədir. Bununla bağlı olaraq bir daha Azərbaycan rəhbərliyinə ötən ilin mart ayında BMT-nin Baş Assaмbleyasının müvafiq bəyanatının imzalanmasında Ukraynaya göstərdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm. Mən artıq dəfələrlə bildirmişəm ki, təəssüf ki, dünya ictimaiyyəti vaxtında Qarabağ probleminə gərək olan əhəmiyyəti verməyib. Nəticədə biz Ukraynanın və Gürcüstanın ərazi bütövlüyünün pozulmasının nümunəsini müşahidə edirik. Əlbəttə ki, dünya mükəmməl deyil və demək olmaz ki, Qərb ölkələrində hər şey idealdır. Lakin beynəlxalq hüququn əsasnamələri və dünya ictimaiyyətinin onlara riayət olunmasının təmin edilməsi cəhdləri hələ ki, "dondurulmuş" münaqişələrin yeganə tənzimləmə mexanizmidir.

 

Azərbaycanda yaxın zamanda Birinci Avropa Oyunları keçiriləcək, hazırlıq işləri ilə bağlı nə deyə bilərsiniz, necə düşünürsünüz, Oyunların iştirakçıları bu idman şənliyindən razı qalacaqlarmı?

 

Biz qürur və məmnuniyyət hissi ilə Azərbaycanda aparılan hazırlıq işlərini müşahidə edirik və tamamilə əminik ki, idmançılar bu idman şənliyindən razı qalacaqlar.

Hər bir idmançı üçün istənilən beynəlxalq yarışma özünü nümayiş etdirmək baxımından ən böyük imkandır. Bizim ölkəmizin 300-ə yaxın idmançısı bu yarışlarda iştirak etməyə hazırlaşırlar. Mən Bakının bir çox idman meydanlarında olmuşam və deyə bilərəm ki, bu tikintinin templəri və miqyasları valehedicidir. Biz dostcasına bizə qardaş ölkə olan Azərbaycanın nailiyyətlərinə sevinirik.

 

Azərbaycan, təkrarolunmaz koloriti, mədəniyyəti, incəsənəti, təbiəti və nəhayət, milli mətbəxi ilə seçilən şərq ölkəsidir. Bir gün siz yeni təyinat aldıqda, Azərbaycanı tərk edərkən bu ölkə haqda hansı təəssüratlarınız olacaq və nələr üçün darıxacaqsınız?

 

Azərbaycanda olduğum 4 il ərzində mən bir çox regionlara səfərlər etmişəm və bu müddət ərzində Azərbaycanın xarici görünüşünün necə sürətlə dəyişdiyinin şahidi olmuşam. Belə ki, Naftalanı, Qubanı, Qusarı, Xaçmazı, Gəncəni ziyarət etdikdə özüm üçün hər bir yerdə infrastrukturun inkişafını və təkmilləşməsini, həyat keyfiyyətinin yaxşılaşması ilə bağlı qeydlər etmişəm. Bununla yanaşı, Azərbaycan rəhbərliyinin, ölkə ərazilərinin işğalı nəticəsində öz evlərini tərk etmiş məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması üzərində çalışdığı hiss olunur. Mənim fikrimcə, Azərbaycan əhalisi dövlətin nə dərəcədə hər bir vətəndaşın problemlərini həll etməyə çalışdığını görür və hiss edir.

Hər bir ölkə diplomatın həyatında öz izini qoyur və mənim üçün Azərbaycan özümü xarici diplomat hiss etmədiyim bir ölkə olub. Polşa bizim üçün qardaş ölkədir, Türkiyə dost ölkədir, Avstraliyada bizim böyük icmamız var, lakin buna baxmayaraq biz bu ölkələrin hər birində özümüzü xarici diplomat kimi hiss edirik və bu ölkələrdə müvəqqəti olduğumuzu hiss edirik. Azərbaycanda, istər missiyamın əvvəlində, istər bu gün, 4 il ölkədə yaşadıqdan sonra, mən özümü xarici diplomat kimi hiss etmirəm, burada mənim çoxlu dostum və geniş əlaqələrim var. Mən Azərbaycanın müxtəlif regionlarında kəndlərə getməyi xoşlayıram və tez-tez bunu edirəm. Düşünürəm ki, Azərbaycandan gedəndən sonra mən sizin milli mətbəxiniz üçün darıxacağam.

Bu arada, mən hesab edirəm ki, heç bir halda Qərbin müsbət qiymətləndirilməyən "fast-fud" ideologiyalarının milli mətbəxə daxil olmağına imkan vermək olmaz. Ola bilsin ki, görüntüləri ilə onlar milli mətbəxə üstün gəlirlər, amma keyfiyyət baxımından bu elə deyil. Qərbin kompüter və yüksək texnologiyaları həqiqətən təqlid üçün nümunədir, amma "fast-fud"ların buna aidiyyəti yoxdur. Azərbaycan əhalisi Qərbin ictimai qidalanma sahəsində nailiyyətlərinə nə qədər az müraciət etsə, bu, gənc nəslin sağlamlığına o qədər yaxşı təsir göstərər.

Ümumilikdə Azərbaycanda, Ukraynada olduğu kimi, saxlanılmasına cəhd ediləcək ənənələr var. Əsasən gözəl ailə ənənələrini, o cümlədən Azərbaycanda olan böyük nəslin nümayəndələrinə hörmət ənənələrini qeyd etmək istərdim.

 

Azərbaycana dost ölkə kimi hansı arzularınız var?

 

İlk növbədə Azərbaycana əsas məsələnin həllini arzu edərdim - ölkənin ərazi bütövlüyünün tezliklə bərpasını qalan məsələlərin həllinə əminəm ki, Azərbaycan özü nail ola bilər. Yeganə, Azərbaycandan asılı olmayan məsələ məhz budur. Çünki burada problemin həlli danışıqlar üzrə tərəfdaşların dürüstlüyündən, ATƏT-in Minsk qrupunun fəaliyyətinin effektivliyindən, bütün dünyanın Qarabağ faciəsini şəxsi faciəsi kimi qəbul etməsindən asılıdır. Biz artıq bu gün anlayırıq ki, vaxtı ilə bu faciənin miqyası sonadək dünya ictimaiyyəti tərəfindən dərk edilmədiyi və eşidilmədiyi, Azərbaycan tərəfindən necə ağrı ilə qəbul edilib. İndi biz ölkələrimizin ərazi bütövlüyünün bərpasında birgə şəkildə hüquqlarımızı müdafiə edəcəyik.

Təəssüf ki, insanlar və ölkələr digərlərinin səhvlərindən özlərinə ibrət dərsi almırlar və beynəlxalq ictimaiyyət bizim problemlərimizə göz yummağa davam edir. Amma onlar bu gün bu problemləri görmək istəməsələr, sabah bu kollaps ümumdünya sistemini bürüyəcək. Mən ümid edirəm ki, dünya ictimaiyyəti Ukrayna probleminin həllində bütün qüvvətini toplayacaq, Ukrayna ilə yanaşı, Azərbaycanın, Gürcüstanın və Moldovanın mövcud ərazi bütövlüyü problemlərini həll edəcək.

 

Aynur Vəliyeva






25/05/15    Çap et