Bu gün Rabitə və yüksək texnologiyalar naziri cənab Əli Abbasov I Avropa Oyunları zamanı radiotezliklərdən və radioelektron vasitələrdən maneəsiz istifadə, radioelektron vasitələrinə müvafiq tezliklərin ayrılması və qeydiyyatı məqsədilə alınan mobil və portativ tipli radiomonitorinq, test-sınaq avadanlıqlarının, proqram təminatlarının, Bakı şəhəri və Abşeron yarımadasında efirə avtomatik radionəzarəti təmin etmək üçün Mehdiabad qəsəbəsində qurulmuş Mərkəzləşmiş Avtomatik Radiomonitorinq Şəbəkəsinə və müvafiq mütəxəssislərdən təşkil olunmuş radiomonitorinq qruplarının Oyunlara hazırlıq vəziyyətinə baxış keçirib.
Tədbirdə radiomonitorinq avadanlıqlarının, tezlik analizatorlarının, test sınaq avadanlıqlarının texniki imkanlıqları, Oyunlarda istifadə ediləcək tezliklərə yarana biləcək maneələrin operativ təyin edilməsi və aradan qaldırılması, radioelektron vasitələrinin parametrlərinin yeni texnologiyanın tətbiqi ilə yoxlanılması üzrə nazirə ətraflı məlumat verilmiş və sözügedən avadanlıqlar üzrə yüksək ixtisaslı mütəxəssislərin bacarıqları nümayiş etdirilib.
Qeyd edilən tədbirdən sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Nazirliyin birlik və müəssisələrinin, digər əlaqədar strukturların rəhbərlərinin iştirakı ilə I Avropa Oyunlarına hazırlıq üzrə geniş iclas keçirilib.