Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
50 ümumtəhsil məktəbinə mobil arabalar və planşetlər verilib
2014-2015-ci tədris ili ərzində ümumtəhsil məktəblərində laboratoriyaların müasirləşdirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən 50 ümumtəhsil məktəbinə mobil arabalar, "Biochem" və "Physio" Labdiskləri, "Intel" planşetləri verilib.
Tədris ilində həyata keçirilmiş islahatlar, tədbirlər və yeniliklər barədə məlumat verən nazirlikdən qeyd edilib ki, təhsilalanların dərslikləri elektron formatda oxumasına imkan yaradan Elektron Dərslik Portalı (www.e-derslik.edu.az) istifadəyə verilib. Elektron təhsil resurslarını bir mənbədə cəmləşdirmək üçün "www.e-resurs.edu.az" portalı yaradılıb.
Portal vasitəsilə hər bir istifadəçi elektron dərsliklər, videodərslər, müsabiqələr, elektron tapşırıqlar, müxtəlif oyunlar və digər bu kimi təhsil resurslarına çıxış əldə edə bilər.
Bundan başqa, Təhsil Nazirliyi 2015-2016-cı tədris ilindən etibarən ilk olaraq, Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə uşaqların qəbulunda optimal və səmərəli icra mexanizmi yaratmaq məqsədilə həmin prosesin elektron sistem vasitəsilə həyata keçirilməsinə başlayıb.
Müəllimlərin işə qəbulu da nazirlik tərəfindən mərkəzləşmiş qaydada yeni sistem əsasında həyata keçirilir.
Həqiqət İSABALAYEVA
30/05/15 Çap et