Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın İnformasiya Texnologiyaları İnstitutu ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir
AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Qafqaz Universitetinin rektoru professor Əhməd Sanıç və həmin universitetin bir qrup nümayəndəsi ilə görüş keçirilib.
Tədbir elm və təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin inkişafı, birgə elmi-texniki və innovasiya layihələrinin həyata keçirilməsi, yeni İKT biliklərinə malik gənc kadrların yetişdirilməsi istiqamətində birgə fəaliyyətin təşkili məqsədi daşıyırdı.
İTİ-dən verilən məlumata görə, İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev İTİ-nin bir sıra dövlət proqramları, elmi-tədqiqat, innovasiya, qrant və digər layihələrdə iştirak etdiyini bildirib.
İTİ-nin Tədris-İnnovasiya Mərkəzinin fəaliyyəti haqqında məlumat verib, milli elmi informasiya fəzasının formalaşdırılmasında böyük əhəmiyyət kəsb edən e-elmin bərqərar olmasının zəruriliyin bildirib.
E-elmin şəbəkə platforması olan AzScienceNet elm kompyuter şəbəkəsinin imkanlarından söhbət açıb, yeni şəbəkə xidmətlərinin həyata keçirilməsi, bu sahədə beynəlxalq təcrübədən yararlanmağın əhəmiyyətini qeyd edib.
Sanıç İTİ ilə birgə davamlı əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını bildirib. Rektor əlaqələrin inkişafı və möhkəmləndirilməsi üçün niyyət protokolunun imzalanmasının məqsədəuyğunluğunu vurğulayıb.
Qafqaz Universitetinin ali təhsil və elmi müəssisələrlə mövcud əlaqələrindən də söhbət açan Sanıç universitetdə xarici ölkələrdə təcrübə keçərək informasiya texnologiyaları sahəsində ixtisaslaşmış mütəxəssislərin çalışdığını bildirib. Professor universitetin Kompüter mühəndisliyi fakültəsində ümumilikdə 19 prezident təqaüdçüsünün təhsil aldığını deyib.
Görüş çərçivəsində həmçinin bu ilin oktyabr ayında keçiriləcək "İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi" (AICT-2011) IV Beynəlxalq konfransın təşkilati məsələləri də müzakirə edilib.
10/09/11 Çap et