Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakı 2015”-i yayımlayacaq ölkələrin sırasına Serbiya da qoşuldu


"Bakı 2015"-i yayımlayacaq ölkələrin sırasına Serbiya da qoşulub. Oyunların Təşkilat Komitəsindən qeyd edilib ki, "Bakı 2015"- serbiyalı izləyicilərə 12-28 iyun tarixində keçiriləcək Birinci Avropa Oyunlarını seyr etmək imkanı verən yayım müqaviləsi imzalayıb. 

Oyunlar, ödənişsiz ictimai yayım kanalı olan "Radio Television Serbiya" (RTS) vasitəsilə nümayiş olunacaq. Bu kanal Olimpiya Oyunlarının, eləcə də futbol üzrə UEFA Çempionlar Liqasının yayım hüququna sahibdir. Kanal ölkə üzrə 3 milyon evdə izlənilir.
 
 
"Bakı 2015"-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Bakı 2015" uzunömürlü brend yaratmağa kömək etmək, həmçinin, bu həyəcanı Avropada və onun hüdudlarından kənarda mümkün qədər çox izləyici ilə bölüşmək üçün Birinci Avropa Oyunlarının ən geniş yayım şəbəkəsində nümayiş olunmasını təmin etməyə çalışır. Yeni müqavilə Oyunlara böyük marağın olduğunu göstərir. Çox şadam ki, serbiyalı azarkeşlər öz idmançılarının yarışını izləmək imkanı əldə edəcəklər. Serbiya güclü idman ənənəsinə malik ölkədir və biz, serbiyalı idmançılardan gələn ay Bakıda böyük uğurlar gözləyirik".
 
RTS Proqramının direktoru  Vladan Skrkik isə həmişə idmanın inkişaf etdirilməsinə dəstək verdiyini qeyd edib:
 
"Belə bir yarışda, ələlxüsus da inauqurasiya versiyasında iştirak etməyə görə çox şadam".
 
 
 
Həqiqət İSABALAYEVA




01/06/15    Çap et