Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Səfir Argentina mətbuatında TASİM-dən yazdı


Argentinanın aparıcı kütləvi informasiya vasitələrindən olan “Cronista” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin “Birinci Avropa Oyunları Bakı 2015: Avropanın sülh bayramı” başlıqlı məqaləsi dərc olunub.
 
Diplomat məqalədə Birinci Avropa Oyunları barədə ətraflı məlumat verərək Azərbaycan Respublikasının həyata keçirdiyi regional və beynəlxalq layihələrdən söz açıb.
 
 Səfir “Cronista” oxucularının diqqətini “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinə çəkərək onun əhəmiyyətini qeyd edib.
 
O vurğulayıb ki, Azərbaycan TASİM transmilli fiber-optik internet xətti kimi strateji layihədə aparıcı dövlətdir. Məqalədə ölkəmizin Avropanın enerji təhlükəsizliyinə və Avropa ilə Asiya arasında nəqliyyat dəhlizinin inkişafına verdiyi töhfələrdən danışan diplomat, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmiryol xətti, TANAP-TAP qaz kəmərləri haqda geniş məlumat verib.
 
 
M.Əhmədzadə “Baku 2015”-in təşkilinin bundan sonra keçiriləcək yarışlar üçün bir model rolunu oynayacağını önə çəkərək bildirib ki, Birinci Avropa Oyunlarının ev sahibi kimi Azərbaycan paytaxtının seçilməsi təsadüfi deyil.
 
O, bu xüsusda ölkəmizin Avropanın Asiyaya açılan qapısı və Avropa ilə Şərq sivilizasiyalarının qovuşduğu nöqtə olduğunu, Azərbaycan xalqının Avropa dəyərləri ilə islam ənənələrinin sintezini yaradaraq müsəlman şərqində ilk teatr, opera, balet kimi mədəniyyət nümunələrinin və parlamentli respublikanın əsasını qoyduğunu deyib.
 

Azərbaycanın yüksək tolerantlıq, müxtəlif təriqətlərin sülh şəraitində birgə yaşaması və dünyəvilik kimi cəhətlərə malik olan mədəniyyətlərarası dialoqda nümunəvi ölkə olduğunu bildirən diplomat 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçiriləcəyini qeyd edib.  

 
Məqalə ilə  Azərbaycan dilində  də  tanış olmaq mümkündür.
 
 
SEYMUR
 
 




01/06/15    Çap et