Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Təyyarələrdə mobil rabitəyə icazə verilməsi məqsədəuyğun deyil


Avialaynerlərin göyərtələrində mobil rabitə xidmətlərinin yerləşdirilməsi məqsədəuyğun deyil. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin rəisi Əflatun Məmmədov bildirib. Belə bir rəyə DRİ komissiyasının üzvləri gəliblər.

Ə.Məmmədov hesab edir ki, Azərbaycanda avialaynerlərin göyərtələrində mobil rabitə xidmətlərinin yerləşdirilməsinə icazə məsələsi beynəlxalq normalara uyğun həll edilməlidir.

Qeyd edək ki, bundan əvvəl bildirmişdi ki, praktikada rabitə və məlumatların ötürülməsi xidmətlərini "Flight mode" rejimində göstərmək mümkündür.

Söhbət bu funksiyanı daşıyan bort avadanlığından gedir. Lakin bort avadanlığından istifadə üçün rəsmi icazənin alınması lazımdır.

Avialaynerlərdə rabitə xidmətlərinin göstərilməsi üçün icazənin alınmasına dair müraciətlər 2010-cu ildə daxil olub.

DRİ 2009-cu ilin noyabrında təyyarələrin bortunda mobil rabitə üçün 1800 MHz diapozonda radiotezlikdən istifadə olunmasına icazə verib.

Qeyd edək ki, bort peyk sistemi uçuş zamanı yerüstü baza stansiyaları ilə birbaşa əlaqə yaratmağa imkan vermir, bununla əlaqədar mobil telefondan siqnal təyyarənin bort sisteminin təhlükəsiz işinə mane olmur.

Aviaşirkətlərin hava gəmilərinin göyərtələrində baza stansiyaları quraşdırılır ki, həmin stansiyalar təyyarə 300 metr yüksəkliyə çatan kimi qoşulur. Peykin köməyi ilə bu stansiyalar mobil rabitə operatorlarının şəbəkələrinə bilavasitə siqnal göndərirlər.

Təyyarə yerə enərkən rabitə avtomatik olaraq kəsilir. Bu gün aviaşirkətlərin bir çoxu laynerin bort avadanlığının düzgün işləyə bilməməsindən ehtiyat edərək mobil telefonlardan istifadəni qadağan edirlər.

Qadağa onunla izah edilir ki, mobil şəbəkələr arasında çevik yerdəyişmə onların yerdəki işinin, həmçinin təyyarələrin bort avadanlığının pozulmasına səbəb ola bilər. Lakin müasir texnologiyalar GSM avadanlığının laynerin bort qurğusuna maneə törətmədən işləməsinə imkan verir.




10/09/11    Çap et