Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kosmos və astronomiya tədqiqatları sahəsində Azərbaycan və Türkiyə alimlərinin birgə fundamental-tətbiqi layihələri dəstəklənəcək
Elmin İnkişafı Fondu (EİF), Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu – TÜBİTAK) nüfuzlu qurumlarından biri olan Kosmos Texnologiyaları Araşdırma İnstitutu (TÜBİTAK UZAY) və “Azərkosmos” ASC arasında əməkdaşlıq haqqında üçtərəfli anlaşma Memorandumunun imzalanması ətraflı müzakirə olunub.
Müzakirələr EİF-in icraçı direktoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyənin paytaxtı Ankaraya səfəri zamanı aparılıb.
Belə ki, səfər çərçivəsində EİF nümayəndə heyəti Kosmos Texnologiyaları Araşdırma İnstitutunda olub. Bu gün TÜBİTAK UZAY 12 müxtəlif tədqiqat qrupuna, ən son texnoloji vasitələrə, modern təchizata və yüksəksəviyyəli alim və mühəndis heyətinə malik olmaqla Türkiyə daxilində və regional layihələrdə, həmçinin bir çox beynəlxalq araşdırma layihələrində uğurla iştirak edir.
Fonddan qeyd edilib ki, rəsmi qəbulda institutun direktoru Dr. Lokman Kuzu TÜBİTAK UZAY haqqında ətraflı məlumat verilib, hər iki qurum arasında əməkdaşlıq məsələləri, həmçinin azərbaycanlı qonaqlar UZAY-ın bölmələri, həmçinin peyklərin yığılma və sınaqdan keçirilmə modulları ilə də tanış olub. Kosmos və astronomiya tədqiqatları sahəsində Azərbaycan və Türkiyə alimlərinin birgə fundamental-tətbiqi layihələrinin dəstəklənməsi barədə razılıq əldə edilib. Tərəflər birgə elmi tədbirlərin keçirilməsi barədə də razılığa gəliblər.
Regionun ən nüfuzlu və böyük universitetlərindən biri olan Orta Şərq Texniki Universitetində (Orta Doğu Teknik Universitesi - ODTÜ) keçirilən görüşdə isə prorektor professor Volkan Atalay universitet haqqında məlumat verib, hər iki qurum arasında əməkdaşlıq məsələləri müzakirə olunub, universitet kampusu və Elm və Texnologiya Muzeyi ilə tanışlıq baş tutub.
Hər iki görüşdə qeyd olunub ki, Elmin İnkişafı Fondu Azərbaycan üçün elmi kadr hazırlığı məsələsinə xüsusi diqqət yetirir və məsələnin həllində TÜBİTAK və ODTÜ-nün zəngin təcrübəsindən bəhrələnmək planlaşdırılır.
Azərbaycan nümayəndə heyəti 28 may Respublika Günü münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən təşkil edilmiş rəsmi qəbulda da iştirak edib.
Həqiqət İSABALAYEVA
01/06/15 Çap et