Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Buraxılış imtahanlarında Azərbaycanda ilk dəfə yeni texnologiyanın tətbiqinə başlanılacaq
Orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün keçiriləcək mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarında bu il texnoloji yeniliyin tətbiqinə başlanılacaq. Belə ki, Azərbaycanda ilk dəfə olaraq, imtahanda şagirdlərə təqdim edilən “Sual kitabçaları”nda onların adları, kodları qeyd ediləcək.
Bu barədə mətbuat konfransında məlumat verən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə qeyd edib ki, indiyə kimi şagirdlərə imtahanda 4 variantda “Sual kitabçaları” təqdim edilib: “Tətbiq edilən bu yenilik gələcəkdə TQDK-ya yeni növ imtahana keçməyə imkan verəcək. Belə növ imtahanlarda yalnız “Cavab kartları” deyil, həm də “Sual kitabçaları” yığılacaq. Artıq yeni növ imtahanlara keçmək üçün yeni texnologiyalar tətbiq olunur. Bununla da yeni növ imtahanların bünövrəsi qoyulur. Ola bilsin ki, 2-3 ildən sonra addım-addım yeni növ imtahanlara keçəcəyik”.
Hesab edilir ki, bu texnoloji yenilik şagirdlər arasında həm də köçürmə hallarının baş verməsinin qarşısını alacaq.
Həqiqət İSABALAYEVA
01/06/15 Çap et