Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa Oyunları dünyaya bu mərkəzdən yayımlayacaq REPORTAJ (VİDEO)


I Avropa Oyunlarına hazırlıq çərçivəsində daha bir mərkəzdə son tamamlanma işləri həyata keçirilir. Bura I Avropa Oyunlarını bütün dünyaya yayan Beynəlxalq Yayım Mərkəzidir.

APA TV-nin məlumatına görə, həyata keçirilən işlər barədə məlumat verən mərkəzin baş meneceri Sergio Raventos Rodenas bildirib ki, mərkəzdə brifinq, montaj otaqları, eləcə də media nümayəndələrinin rahat işləyə bilmələri üçün xüsusi otaqlar fəaliyyət göstərəcək. Yüksək keyfiyyətli yayım bütün dünyaya Beynəlxalq İdman Yayımı Şirkəti tərəfindən ötürüləcək. Əsas siqnalın yaranacağı baş yoxlama otağında isə işlər artıq tamamlanmaq üzrədir.

 

İyunun 1-dən fəaliyyətə başlayacaq mərkəzdə yerli və əcnəbi şəxslərdən ibarət min nəfərlik heyət çalışacaq. Buradan siqnal dünyanın 150-dən artıq  ölkəsinə ötürüləcək.

 

Beynəlxalq İdman Yayımı Şirkətinin baş idarə heyətinin üzvü Qustava Karrera hazırlığın yüksək səviyyədə getdiyini qeyd edərək, xaricdən böyük texniki heyətin gəldiyini deyir: "Biz I Avropa Oyunlarının həyəcanını bütün dünyaya yüksək səviyyədə təqdim edəcəyik. Onlar öz evlərində oturaraq yarışları izləyə biləcəklər. Əsas məqsədimiz tamaşaçılara yüksək səviyyəli yayım təqdim etməkdir. Ümid edirəm ki, təkcə Avropanın deyil, digər qitələrin də nümayəndələri "Bakı-2015"i izləməkdən zövq alacaqlar".

 

Beynəlxalq Yayım Mərkəzində yerli medianın fəaliyyət göstərməsi üçün xüsusi otaqlar da ayrılıb. Burada yalnız yerli yayım hüququ olan Azərbaycan Dövlət Televiziyasının əməkdaşları çalışacaq.

 

I Avropa Oyunları zamanı media nümayəndələrinin xəbərləri daha operativ çatdırmaq üçün montaj otaqları da fəaliyyət göstərir. Hazırda montaj kompüterləri hələ ki, quraşdırılmayıb. Lakin yaxın günlərdə otaq tam təhvil veriləcək.

 

Media Mərkəzində çalışan işçilərin nahar fasiləsi də diqqətdən kənarda qalmayıb. Burada fəaliyyət göstərəcək kafedə yerli və əcnəbi mətbəxlərin təamları təklif olunacaq. Yalnız Əməliyyat Komitəsinin əməkdaşları üçün pulsuz olacaq yeməklər digər media nümayəndələri üçün əvvəlcədən təyin edilən qiymətlərə başa gələcək.











01/06/15    Çap et