Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mərkəzi Seçki Komissiyası elektronlaşma sahəsində hansı yeniliklərə imza atıb?


Mərkəzi Seçki Komissiyası ölkədə vahid seçicilər siyahısının tərtib edilməsi, yoxlanılması və dəqiqləşdirilməsini fasiləsiz onlayn rejimdə işləyən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirir.
 
 Komissiyadan “ICTnews” xəbər xidmətinə verilən məlumata görə, MSK-nı fiber-optik xətlər üzərindən 125 seçki dairəsinin dairə seçki komissiyaları ilə birləşdirən lokal şəbəkənin yaratdığı sürətli, interaktiv və təhlükəsiz informasiya mübadiləsi seçici siyahılarının ümumiləşdirilməsi prosesini intensivləşdirərək seçici məlumatlarının keyfiyyətli təhlilini təmin edir.
 
Belə ki, seçicilər haqqında ətraflı məlumatların toplanması, siyahıların orfoqrafik və qrammatik baxımdan yoxlanılması, oxşar və təkrar seçici məlumatlarının təhlil edilməsi, həmçinin siyahıların keyfiyyətli hazırlanması və çap olunması üçün dövlət avtomatlaşdırılmış informasiya sisteminin yaratdığı imkanlardan istifadə edilir.
 
 
Seçicilər öz məlumatlarının yoxlanması və məlumatlarında aşkar etdikləri yanlışların aradan qaldırılması ilə bağlı internet səhifəsindəki müvafiq onlayn ərizə formasını dolduraraq MSK-ya ünvanlaya bilərlər. Bu məlumatlar da bir daha nəzərdən keçirilir və müvafiq araşdırma aparıldıqdan sonra lazımi düzəlişlər edilir.
 
Qeyd etmək lazımdır ki, seçici siyahılarının dəqiqləşdirilməsi təkcə seçki ili və məhdud müddət ərzində deyil, ümumilikdə il boyu müvafiq qurumlarla əməkdaşlıq şəraitində gündəlik əsaslarla davam etdirilir və seçicilərin hərəkət dinamikası barədə müvafiq məlumatlar operativ şəkildə dairə seçki komissiyaları tərəfindən toplanaraq siyahılarda nəzərə alınır.
 
 
SEYMUR




02/06/15    Çap et