Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ kibertəhdidlərlə mübarizədə Yaponiyaya yardım edəcək


ABŞ və Yaponiya kiberhücumlarla mübarizədə səylərini birləşdirəcək. Belə ki, kibertəhlükəsizlik sahəsində əməkdaşlığa dair tərəfdaşlıq sazişinin şərlərinə əsasən, ABŞ hərbi sənaye obyektlərinə və əhəmiyyətli infrastruktura edilən kiberhücumlarla mübarizədə Yaponiyaya kömək edəcək. 
 
2015-ci ilin aprelində Prezident Barak Obama iqtisadiyyatın strateji sahələrinin obyektlərinə və dövlət strukturlarına kiberhücumlarda təqsirləndirilən şəxslərə ABŞ tərəfindən sanksiyaların tətbiqini nəzərdə tutan fərman imzalayıb.
 
ABŞ və Yaponiya ilk növbədə Çin və Koreya Xalq Demokratik Respublikasından qaynaqlanan kibertəhdidlərdən ehtiyat edir. Kiberhücumlardan mühafizə sistemlərinin yaradılmasına böyük investisiyalar yatıran ABŞ-dan fərqli olaraq Yaponiya öz müdafiə infrastrukturunu möhkəmləndirməyə tələsmir. Yaponiya Silahlı Qüvvələrinin kibertəhlükəsizliyə cavabdeh idarəsində cəmi 90 əməkdaş çalışır. ABŞ hökuməti ölkənin kibermühafizəsi üçün 6 min mütəxəssisi işə qəbul edib.
 
Çin Müdafiə Nazirliyi ABŞ və Yaponiyanın yeni kibermühafizə strategiyasının inkişafı ilə bağlı narahatlığını bildirib. Çin hökuməti nümayəndələrinin fikrincə, bu, ölkələr arasında gərginliyə səbəb ola bilər, - "SecurityLab yazır.
 




02/06/15    Çap et