A. Rasizadə Azərbaycanla Avstriya arasında mövcud siyasi, iqtisadi və mədəni əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin vacib olduğunu bildirib.
Baş nazir iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə, o cümlədən, sənaye, nəqliyyat, turizm, kənd təsərrüfatı, humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün hər cür şəraitin olduğunu nəzərə çatdırıb.
B. Gierlinger isə öz ölkəsinin çox böyük sürətlə inkişaf edən Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə xüsusi əhəmiyyət verdiyini söyləyib. Azərbaycanla Avstriya arasında əməkdaşlıq üzrə Komissiyanın VIII iclasında, həmçinin biznes-forumun işində iştirak etmək üçün Bakıya gəldiyini bildirən B. Gierlinger azərbaycanlı həmkarları ilə geniş fikir mübadiləsi aparıldığını və ikitərəfli ticarət əlaqələri, turizm, sənaye, enerji və bərpa olunan enerji, informasiya və kommunikasiya texnologiyaları sahələrində gələcək əməkdaşlığa dair səmərəli danışıqlar olduğu barədə baş nazirə ətraflı məlumat verib.
Görüşün sonunda Bakıda keçiriləcək I Avropa Oyunlarının təşkilində Azərbaycan hökumətinə uğurlar diləyən B. Gierlingeri Avstriyanın bu yarışlarda 145 idmançı ilə təmsil olunacağını qeyd edib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Azərbaycan tərəfdən hökumətlərarası Komissiyanın həmsədri, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov qəbulda iştirak edib.