Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2020-ci ilədək dünyada hər 10 nəfərin 7-si smartfon sahibi olacaq


İsveçin telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson” şirkəti “Mobility Report” hesabatının yeni redaksiyasını dərc edərək mobil məlumat ötürmə bazarındakı vəziyyəti təhlil edib və 100 operatordan alınan məlumatlar əsasında proqnozlar verib.
 
Şirkətin qiymətləndirməsinə görə, hazırda dünyada smartfon istifadəçilərinin sayı 2,6 milyarda yaxındır. 2020-ci ilədək bu sayın 6,1 milyarda çataraq stasionar telefon rabitəsi abunəçilərinin sayını üstələməsi gözlənilir. Dünyada 6,1 milyard aktiv smartfonun nüfuzetmə səviyyəsi 70 faiz təşkil edəcək.
 
Mobil rabitə abunəçilərinin əksəriyyəti adi mobil telefon sahibi olaraq qalır, lakin bu vəziyyət sürətlə dəyişir və 2016-cı ilədək smartfon istifadəçilərinin sayının çoxalacağı proqnozlaşdırılır.
 
Sürətli artımın səbəblərindən biri ondan ibarətdir ki, Asiya-Sakit okean regionunda, Yaxın Şərq və Afrikada adi mobil telefon sahibləri smartfonlardan istifadəyə keçir, çünki ucuz smartfonların sayı durmadan artır.
 
“Ericsson” həmçinin proqnozlaşdırır ki, beş ildən sonra mobil şəbəkələrə qoşulanların ümumi sayı 9,2 milyardadək artacaq və onlar planetin insanların məskunlaşdığı ərazilərinin 90 faizini əhatə edəcək.
 
Həmçinin qeyd olunur ki, yaxın beş ildə mobil internet trafikinin həcmi doqquz dəfə artacaq. Həcmin artması əsasən istifadəçilərin smartfon və planşetlərdə onlayn baxmağa üstünlük verdikləri videokontent sayəsində mümkün olacaq. 2020-ci ildə mobil trafikin 60 faizinin videobaxışının payına düşəcəyi gözlənilir. 2014-cü ildə bu göstərici 45 faiz olub. Videotrafikin ortaillik artım tempi mütəxəssislər tərəfindən 55 faiz səviyyəsində qiymətləndirilir. Sosial şəbəkələrin trafiki ümumi trafikin 15 faizini təşkil edəcək. Bu rəqəmin 2020-ci ilədək dəyişməsi proqnozlaşdırılır.  
 
Hesabatda o da deyilir ki, 2015-ci ilin birinci rübündə mobil rabitə abunəçilərinin qlobal miqyasda sayı 108 milyon artıb. Daha çox artım (26 milyon abunəçi) Hindistanda qeydə alınıb. Afrikada və Çində mobil abunəçilərin sayının artması müvafiq olaraq 21 və 8 milyon təşkil edib.  
 
Analitiklərin proqnozuna görə, 2020-ci ilədək dünyada internetə qoşulan qurğuların sayı 26 milyarda bərabər olacaq. Bura smartfonlardan başqa “Əşyaların interneti”, “M2M” həlləri və s. daxildir.
 
Bildirilir ki, mobil məlumat ötürmə bazarının inkişafının stimulyatorlarından biri beş ildən sonra kommersiya istifadəsinə veriləcək “5G” texnologiyası olacaq. “Ericsson” “5G” şəbəkələrinin prototiplərini ABŞ-da və İsveçdə laboratoriya şəraitində və açıq havada sınaqdan keçirir. Hazırda nail olunan maksimal sürət 5Qbit/saniyə təşkil edir, - "DailyCommyazır.




03/06/15    Çap et