Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiya kosmik gəmilər üçün yeni start meydançası inşa edəcək


2019-cu ilədək Yaponiyanın Taneqasima kosmodromunda kosmik gəmilər üçün yeni start meydançası tikiləcək. Bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (Japan Aerospace exploration Agency - JAXA) nümayəndələri məlumat verib.

Məlumata görə, start meydançası istifadəyə verilməsi 2020-ci ilə nəzərdə tutulan yeni “H-3” raketdaşıyıcısının buraxılışlarını həyata keçirməyə imkan verəcək.

Hazırda Taneqasimada iki start meydançası yerləşir. Onlardan biri “H-2A” raketlərinin, digəri onun "H-2B” modifikasiyasının buraxılışı üçün nəzərdə tutulub. Məhz "H-2B” modifikasiyasının sökülərək yeni raketdaşıyıcısına uyğun şəkildə yenidən hazırlanması planlaşdırılır. Layihənin dəyəri 10 milyard yen (79,8 milyon dollar) qiymətləndirilir.

Tikinti zamanı tətbiqi planlaşdırılan yeniliklər arasında raketin vəziyyətinin avtomatik yoxlanılması sistemi yer alıb. Sistem raketin eyni anda bir neçə hissəsinin iş qabiliyyətinin qiymətləndirməsini apara bilir. Bu, starta hazırlıq vaxtını xeyli azaltmağa imkan verəcək. Beləliklə, kosmodromdan ildə onadək raket buraxmaq mümkün olacaq ki, bu da hazırkı buraxılışların sayından iki dəfə çoxdur. 

Cari ilin yanvarın əvvəlində Yaponiya hökuməti tərəfindən milli kosmik texnologiyaların inkişafına, maliyyələşmə həcminin çoxaldılmasına, eləcə də sahə üzrə təhlükəsizlik və etibarlıq səviyyəsinin artırılmasına yönələn yeni onillik proqram təsdiq edilib. Yaxın on ildə milli kosmik sənayenin kapitallaşmasının 5 trilyon yenə (40 milyard dollar) çatdırılması planlaşdırılır. Bildirilir ki, proqram çərçivəsində ABŞ ilə sahədə əməkdaşlıq möhkəmləndiriləcək, 2025-ci ilədək müxtəlif təyinatlı səkkiz peyk buraxılacaq, - “TASS yazır.  




04/06/15    Çap et