Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nanotexnologiyaya əsaslanan ekoloji mühəndislik” ixtisaslaşmasında postmagistr tədris proqramının yaradılması üzrə işlər davam edir


Avropa Birliyinin “Tempus” proqramı çərçivəsində ECONANO qrant layihəsində iştirak edən  12 magistrantın (o cümlədən Bakı Dövlət Universitetindən  6 nəfər) İtaliyanın La Sapienza, Fransanın Paris 13  və Yunanıstanın Patras universitetlərində üç aylıq təcrübələri sona çatıb.

İyulun 8 və 9-da Bakı Dövlət Universitetində həmin magistrantların postmagistr dissertasiyası müdafiəsi keçiriləcək, təcrübə müddətində əldə etdikləri nailiyyətlərin təqdimatı olacaq.
 
Bakı Dövlət Universitetindən  qeyd edilib ki, BDU Avropa Birliyinin “Tempus” proqramı çərçivəsində İtaliyanın Roma Sapienza Universitetinin koordinatorluğu ilə ECONANO layihəsini həyata keçirir. Layihədə Fransanın Paris 13, Yunanıstanın Patras universitetləri, Azərbaycanın Memarlıq və İnşaat Universiteti, Qafqaz Universiteti, “AzEcolab” monitorinq mərkəzi və Azərbaycanın Təhsil Nazirliyi iştirak edir.
 
Layihənin əsas məqsədi “Nanotexnologiyaya əsaslanan ekoloji mühəndislik” ixtisaslaşmasında postmagistr tədris proqramının yaradılması və təkmilləşdirilməsini nəzərdə tutur.
 
Bu məqsədlə Azərbaycanın universitetlərini uğurla bitirmiş 12 nəfər magistr dərəcəsi almış mütəxəssis seçilmiş və onlara xüsusi proqram əsasında layihədə iştirak edən Avropa və Azərbaycan professorları mühazirələr oxuyublar. BDU-da təşkil olunmuş nəzəri və laborator kurslarını bitirdikdən sonra onlar 3 ay müddətində postmagistr dissertasiya işlərini yerinə yetirmək üçün İtaliya, Fransa və Yunanıstan universitetlərinə ezam olunmuşdular.
 
 
 
Həqiqət İSABALAYEVA




05/06/15    Çap et