Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda İKT-nin sürətli tərəqqisi insanların intellektual və mədəni inkişafı üçün yeni imkanlar açır
“Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT), internet dinamik inkişaf edir. Ölkədə yeni texnologiyalar geniş yayılıb. Əhalinin böyük əksəriyyəti yeni texnologiyadan sərbəst formada istifadə edə bilir”.
Bu fikirləri Ombudsman Aparatının Mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli söyləyib. O, hazırkı dövrdə İKT-nin insan hüquqları, maarifləndirmə və təbliğat istiqamətindəki əhəmiyyətindən danışarkən bildirib ki, İKT-nin sürətli tərəqqisi insanların intellektual və mədəni inkişafı üçün yeni imkanlar açır. Azərbaycanda hər bir kəsin informasiya resurslarına daha çevik çıxışına imkan verilir və dünyaya inteqrasiyası üçün lazım olan bütün şərait yaradılıb. Bununla belə qeyd edib ki, bəzən sosial şəbəkələrdə yayılan müxtəlif məlumatların böyüyən nəslin dünyagörüşünə, təlim-tərbiyəsinə, ən başlıcası isə milli-mənəvi dəyərlərimizə zərər vurması müşahidə olunur.
Bu halın yolverilməzliyini diqqətə çatdıran Z.Məhərrəmli gənclərin informasiya cəmiyyətinin tələblərinə uyğun maarifləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb:
“Fiziki sağlamlığın təhlükələrdən qorunmasının hüquqi təminatı mövcud olsa da, insan mənəviyyatına, psixikasına olan təhlükələrlə bağlı müdafiə mexanizmləri müəyyənləşdirilməyib, bu qəbildən vurulan zərər üçün cəzalar tətbiq edilmir. Bu isə hər bir kəsin, o cümlədən uşaqların mənəvi sağlamlığını təhlükə altında qoyur. Cəmiyyətdə informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması və bu istiqamətdə maarifləndirmə işlərinin genişlənməsi zəruridir. Ona görə də ombudsmanın fəaliyyətində uşaq hüquqlarının da təmininə və təbliğinə böyük diqqət yetirilir, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.
SEYMUR
08/06/15 Çap et