Bu gün Tehranda IV texnologiya və innovasiya sərgisi (İNOTEX-2015) açılıb.
Sərgidə dünyanın 20 ölkəsindən 500-ə yaxın şirkət iştirak edir. Builki sərgiyə İran İslam Respublikasının 54 şirkəti qatılaraq texnologiya məhsullarını nümayiş etdirir. Rusiyanı sərgidə 34 qurum təmsil edir. Bu ölkələrlə yanaşı, sərgidə Çinin, Böyük Britaniyanın, Koreya Respublikasının, Hindistanın və başqa ölkələrin şirkətləri də iştirak edirlər.
Beynəlxalq sərgidə Azərbaycanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksəkvəzifəli nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov başçılıq edir.
Nazirliyin hazırladığı stenddə Azərbaycanın milli istehsalı olan texnologiya və innovasiya məhsulları nümayiş etdirilir.
Sərgi çərçivəsində müxtəlif dövlətləri təmsil edən şirkətlərin rəhbərləri qarşılıqlı görüşlər keçirərək əməkdaşlıq əlaqələrini müzakirə edəcəklər. Sərgidə nümayiş olunacaq məhsulların satışı da nəzərdə tutulub.