Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sosial şəbəkələr biznes üçün təhlükə törədir


"Eset” beynəlxalq antivirus şirkəti sosial şəbəkələrin şirkətlər üçün nə dərəcədə təhlükəli olub-olmadığını müəyyənləşdirmək məqsədilə sorğu keçirib. İnformasiya texnologiyaları sahəsində çalışan ekspertlərin 80 faizinin qənaətincə,  cinayətkarlar sosial şəbəkələr vasitəsilə korporativ məlumatları ələ keçirə bilərlər.
 
İT mütəxəssislərin 36 faizi bildirib ki, onların çalışdığı şirkətlərin şəbəkələrinə işdə sosial mediadan istifadə edən əməkdaşların hesabları vasitəsilə müdaxilə edilə bilər, çünki bəzən sosial şəbəkələrdə işin təhlükəsizlik məsələləri korporativ mühitdə qulaqardına vurulur. 
 
Şirkətlərin 12 faizi artıq “Facebook” və digər oxşar servislər ilə zərərli proqram təminatına yoluxma halları ilə qarşılaşıb. İT sahəsində rəyi soruşulan peşəkarların 56 faizi qeyd edib ki, şirkətdə bu portallardan istifadə ilə bağlı qəbul edilən qaydalara əməl olunmur.
 
“Sosial şəbəkələr təhlükə mənbəyi kimi qəbul edilmədiyinə görə o, tez-tez korporativ təhlükəsizlik strategiyasında diqqətdən kənar qalır. Bu, səhv yanaşmadır. Çünki hakerlər həmişə şirkətlərin məlumatlarını oğurlamaq üçün yeni üsullar axtarır, sosial şəbəkələr isə buna imkan yaradır”, - "Eset”in təhlükəsizlik üzrə mütəxəssisi Mark Ceyms bu fikirdədir.
 
Şirkətin tədqiqatında həmçinin qeyd olunur ki, rəyi soruşulan istifadəçilərin üçdə bir hissəsi uduşda iştirak etmək üçün “Facebook” sosial şəbəkəsində müxtəlif səhifələri “Like” edib və onların yalnız 3 faizi real uduşu qazanıb, - "DailyComm yazır.




10/06/15    Çap et