Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elektron idarəçilik, informasiya texnologiyaları və sistemləri mühəndisliyi üzrə yerli kadrların hazırlığına başlanılacaq
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzin payıza qədər elektron imza infrastrukturu ilə əlaqədar laboratoriya hazırlamaq qərarına gəlib.
Belə ki, Azərbaycan Texniki Universitetinin "İnformasiya texnologiyaları və proqramlaşdırma" kafedrasında "Elektron İmza" laboratoriyasının yaradılması nəzərdən keçirilir.
Bu barədə MHM-də keçirilən brifinqdə mərkəzin direktoru Nail Mərdanov məlumat verib. Onun sözlərinə görə, tələbə artıq elektron imzanın yalnız nəzəri tərəfi ilə tanış olmayacaq, eyni zamanda imzanı əməliyyatçı kimi praktik olaraq təcrübədən keçirə biləcək.
Bu yenilik tələbələrin əməliyyatçı kimi formalaşmasından başlamış, onların imzanın məhsul olaraq hazırlanması, tətbiqi, istismarı, o cümlədən müvafiq açarlardan istifadə edərək müxtəlif sənədlərin imzalanması və s. proseslərdə yaxından iştirakına imkan yaradacaq.
Elektron xidmətlərin hazırlanmasının test mühiti kimi fəaliyyət göstərəcək növbəti laboratoriyanın da Azərbaycan Texniki Universitetində qurulması planlaşdırılır. Bununla da müvafiq proseduralarla əyani tanışlıq imkanı qazanan, eyni zamanda proqramlaşdırma bacarığı tam formalaşan tələbə artıq universiteti bitirdikdən sonra istehsalata tam hazır kadr olaraq, rahatlıqla işçi kimi qəbul oluna biləcək.
Xatırladaq ki, Azərbaycan Texniki Universiteti, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin nəzdində Elm-Təhsil və Texnologiyalar Birliyinin yaradılması qərara alınıb.
Hər iki müəssisə yeni tərəfdaşlıq əsasında "Elektron idarəçilik, İnformasiya sistemləri və kibertəhlükəsizlik" Elm-Təhsil və Texnologiyalar Birliyinin yaradılması istiqamətində işlərin icrasına başlayıb. "Elektron idarəçilik, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" üzrə ali təhsilli kadrların hazırlığı istiqamətində elm-təhsil və biznes səylərini birləşdirmək vəzifəsi qarşıya qoyulub.
Həqiqət İSABALAYEVA
10/06/15 Çap et