Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərişıq” rəsmisi: “Bu gün artıq elektron xidmətlər “Olmazsa, olmaz” şərtinə bağlıdır”


Bu gün gündəmin mövzusu elektron xidmətlərdir. Elektron xidmətlər artıq elə bir zamana çatıb ki, “Olmazsa, olmaz” şərtinə bağlıdır. Bu fikri “Azərişıq” ASC-nin Elektron xidmətlər şöbəsinin rəisi Vüqar Həşimov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzində (MHM) keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, bugünkü reallığa görə, elektron xidmət olmadan inkişafdan danışmaq qeyri-mümkündür:
 
“Bizim əsas vəzifəmiz istehlakçıları dayanıqlı, səmərəli, təhlükəsiz elektrik enerjisi  ilə təmin etməkdən əlavə, həm də abunəçilərimizə müasir xidmətlərin zamanında çatdırılmasıdır. Ümumiyyətlə, elektron xidmətlərin önəmi respublika başçısı səviyyəsində dəstəklənir və elektron xidmətlərə keçid qurumların qarşısında tələb kimi qoyulur. “Azərişıq” ASC yaradılandan sonrakı ötən müddət ərzində biz dərhal işlərə başladıq. Elektron xidmətlərin genişləndirilməsi üçün artıq “Elektron hökumət” portalına da qoşulmuşuq.  Portal vasitəsilə “Enerji haqlarının internet vasitəsi ilə ödənilməsi” və “Texniki Şərt üçün müraciət forması” kimi iki elektron xidməti həyata keçiririk. Digər bir neçə elektron xidmətin də vahid sistemə inteqrasiya olunması üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə hazırda işlər aparırıq. Ümumiyyətlə, bu istiqamətdə işlər çox intensiv istiqamətdə aparılır”.
 
 
 
Həqiqət İSABALAYEVA




10/06/15    Çap et