Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Rəqəmsal iqtisadiyyat mövzusunda Şərq Tərəfdaşlığı ölkələri üzrə nazirlərin I görüşü”ndə təmsil olunacaq


Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində cari ilin 11 iyun tarixində Lüksemburq şəhərində “Rəqəmsal iqtisadiyyat mövzusunda Şərq Tərəfdaşlığı ölkələri üzrə nazirlərin I görüşü” keçiriləcək.
 
Görüşdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) nazir müavini Elmir Vəlizadə və RYTN-in İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev iştirak edəcək.
 
 
Avropa Komissiyası tərəfındən təşkil edilən və Latviyanın Aİ Şurasına sədrliyi ilə baş tutacaq görüşün məqsədi Şərq Tərəfdaşlığı regionunda rəqəmsal iqtisadiyyat sahəsində mövcud imkanları nəzərdən keçirmək, bu istiqamətdə qarşıda duran məsələləri müzakirə etməkdir.
 
Görüş Aİ-yə üzv olan 28 ölkədən, eləcə də Şərq Tərəfdaşlığı Proqramına üzv olan 6 ölkənin (Azərbaycan, Gürcüstan, Moldova, Belarus, Ukrayna və Ermənistan) rəqəmsal iqtisadiyyat üzrə nazirlərini və Avropa Komissiyasından nümayəndələri bir araya gətirəcək.
 
 İclasa Avropa Komissiyasının Vahid Rəqəmsal Bazar üzrə Avropa komissarı Andrus Ansip və Latviya Respublikasının Nəqliyyat naziri Anrijs Matīss həmsədrlik edəcəklər. Gündəliyə əsasən, iclas çərçivəsində “EaP.Connect” layihəsi barədə müqavilənin imzalanması da planlaşdırılır.
 
 
İclasın yekununda isə rəqəmsal iqtisadiyyat məsələləri ilə bağlı əməkdaşlığa siyasi səviyyədə zəruri təkan vermək ucun müvafıq bəyannamənin qəbul edilməsi nəzərdə tutulur.
 
 
Həqiqət İSABALAYEVA




10/06/15    Çap et