ABŞ-da fəaliyyət göstərən "AzeriAmerika" diaspor təşkilatı "Bakı-2015" birinci Avropa Oyunlarına həsr olunmuş poçt markası hazırlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, markanın üzərində Bakının simvoluna çevrilmiş Alov Qüllələrinin şəkli əks olunub və ingilis dilində "Bakı-2015" birinci Avropa Oyunları" sözləri yazılıb.
Markanın müəllifi ABŞ-da yaşayan 7 yaşlı Mikayıl Əliyevdir.
"AzəriAmerika" təşkilatı 2009-cu ildə ABŞ-ın Konnektikut ştatının Farmington şəhərində təsis edilib. Təşkilat həmin ildən ABŞ-Azərbaycan, ABŞ-Kanada əlaqələrinə dair ən son xəbərləri azəriamerika.com saytı vasitəsilə yayımlayır. Təşkilatın təsis olunmasında başlıca məqsəd Azərbaycan mədəniyyətinin, incəsənətinin, tarixinin, dilinin, adət-ənənəsinin, həyat tərzinin və qabaqcıl siyasətinin təbliğ olunmasıdır.