Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Səlim Müslümov: “Tibbi-sosial ekspertiza sisteminin tam elektronlaşdırılması üçün vacib tədbirlər görülür”


İlk növbədə tibbi-sosial ekspertiza sisteminin tam elektronlaşdırılması üçün vacib tədbirlər görülür. Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mərkəzləşdirilmiş İnformasiya Sistemi üzərində tibbi-sosial ekspertiza və reabilitasiya alt sistemi fəaliyyət göstərir ki, əlillik müayinələrinin aparılması üçün müvafiq məlumatların, göndəriş formalarının bu sistem vasitəsilə elektron mübadiləsi təmin edilir.
 
Eyni zamanda bütün əlillik müayinələrinin nəticələri sistemdəki elektron bazaya daxil edilir ki, aidiyyəti qurumların müvafiq məlumatları həmin bazadan elektron qaydada əldə etməsinə şərait yaranır.
 
Bu proses əlillik təyinatında məmur-vətəndaş təmaslarının minimallaşmasına, şəffaflığın təminatına imkan verib. Nazir Səlim Müslümov bu fikri Tərtər və Bərdə rayonları üzrə 21 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) iş şəraiti ilə tanış olarkən bildirib.
 
 Nazirlikdən qeyd edilib ki, S.Müslümov digər tərəfdən əlilliyin qiymətləndirilməsi meyarlarının təkmilləşdirilməsi yönündə islahat işlərinin davam etdirildiyini qeyd edib:
 
“Bu sahədə qabaqcıl dünya təcrübəsi diqqətlə öyrənilib, beynəlxalq ekspertlərlə müzakirələr aparılıb və əsas prinsip kimi qeyd olunan meyarların tibbi yanaşma ilə bərabər, sosial yanaşma modeli üzərində də müəyyən edilməsi nəzərdə tutulub. Belə yanaşma əlilliyin müəyyən edilməsi zamanı şəxsin potensial sosial reabilitasiya, o cümlədən əmək fəaliyyəti potensialının müəyyən olunmasına yönəlib ki, bu da həmin şəxsin cəmiyyətdə, eləcə də əmək bazarında  aktiv iştirakdan kənarda qalmasının qarşısını alır”.
 
S.Müslümov əlavə edib ki, yaxın vaxtlarda digər komissiyalarda da müasir iş şəraiti yaradılacaq, onlar tibbi-sosial ekspertiza üçün müasir müayinə cihazları ilə təmin olunacaqlar. Tədbir zamanı TSEK üçün yaradılmış yeni iş şəraiti, müayinə avadanlıqları, göstərilən tibbi-sosial ekspertiza xidməti, müvafiq göndərişlərin elektron şəkildə qəbul olunması prosesi nəzərdən keçirilib.
 
 
 
 
Həqiqət İSABALAYEVA




16/06/15    Çap et