Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Professor Şəmsəddin Hacıyev: “Universitetimizdə iqtisadi təhsilin innovasiya modeli müvəffəqiyyətlə reallaşıb”
Müsahibimiz Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Şəmsəddin Hacıyevdir
- Şəmsəddin müəllim, ən müasir təhsil texnologiyalarına əsaslanan iqtisadi təhsil modelinin formalaşdırılması prosesinin başa çatdırılması istiqamətində hansı tədbirlər həyata keçirirsiniz?
- Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın bütün sahələrində olduğu kimi, rabitə və informasiya texnologiyaları sahəsində də sürətli inkişaf müşahidə olunur. Fərəhləndirici haldır ki, İKT enerji sektorundan sonra Azərbaycan iqtisadiyyatının ən dinamik inkişaf edən sahəsi olaraq regionda liderlik mövqeyini qoruyub möhkəmləndirir.
Ölkə Prezidenti cənab İlham Əliyevin universitet kollektivi qarşısında qoyduğu vəzifələri rəhbər tutaraq Azərbaycanda iqtisadi təhsilin dünya standartları səviyyəsinə qaldırılması, ADİU-nun elmi-innovasiya universitetinə çevrilməsi, «elmdə və təhsildə yüksək keyfiyyət»ə nail olunması sayəsində böyük uğurlar əldə edilmişdir.
Belə ki, bütün tədris korpuslarında tələbələr üçün müasir İnternet şəbəkəsi yaradılıb, bu da Avropanın və dünyanın qabaqcıl ölkələrinin elmi araşdırmaları və tədris prosesi ilə tanış olmaq imkanı yaradıb.
Tədrisin keyfiyyətini yüksəltmək məqsədilə bir sıra uzunmüddətli proqramlar hazırlanıb və ardıcıl surətdə müvəffəqiyyətlə həyata keçirilir. Bunların əsasında «İnkişafa dəstək proqramı», «İnkişaf-1», «İnkişaf-2» proqramlarını, respublikada ilk dəfə tətbiq olunan «İşıqfor» proqramını və s. göstərmək olar.
Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadi təhsilin yeni innovasiya modeli müvəffəqiyyətlə reallaşdırılıb, bu da fundamental akademik hazırlıqla yanaşı, tələbələrin müasir menecerlərə lazım olan tətbiqi, praktik bilik və bacarıqlara yiyələnməsinə imkan verir.
İnformasiya texnologiyalarının və tədris proqram təminatının geniş tətbiqi əsasında ixtisaslaşdırılmış auditoriyalarda real bazar, makroiqtisadi və biznes prosesləri virtual olaraq canlandırılır.
ADİU-da tədris virtual birja (fond, valyuta), tədris mərkəzi bankı, virtual bank, tədris biznes-inkubator, makroiqtisadi təhlil, vergi siyasəti, elektron kommersiya, elektron mühasibat və audit laboratoriyaları, «Microsoft business solutions» treninq mərkəzi, virtual gömrük postu fəaliyyət göstərir.
Bu təhsil modelləri müvafiq partnyorlarla (nazirliklər, banklar və şirkətlərlə) birgə müstəqil layihə kimi işlənib hazırlanıb. Bunların sayəsində tədris prosesinə bazar təcrübəsinin, biznes texnologiyalarının və iqtisadi siyasətin ən yeni nailiyyətləri tətbiq edilir.
Təhsil prosesi müasir soft-məhsullarının, multimedia tədris vasitələrinin, imitasiya modelinin və işgüzar oyunların tətbiq edilməsi, keyslərin hazırlanması əsasında həyata keçirilir.
Layihə çərçivəsində xüsusi tədris planları hazırlanıb və bu planlar üzrə mütəxəssislər - partnyorların nümayəndələri praktik seminarlar keçirirlər.
İqtisadi təhsilin innovasiya modelinin yekun komponenti məzun yarmarkalarıdır. 2006-cı ildən başlayaraq 2010-cu ilə qədər ADİU-da keçirilən və Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmiş ənənəvi məzun yarmarkalarında iştirak edən dövlət və biznes strukturları tərəfindən universitetimizin təqribən 1500-dən çox məzunu işə qəbul edilib. ADİU-da virtual universitet geniş şəkildə fəaliyyət göstərir.
Real universitetdə tədrisə aid bütün proseslər virtual mühitdə əks olunur. Bütün fənlər üzrə tədris vəsaitlərinin elektron versiyaları, tələbələr üçün test və tapşırıqlar bankı, tələbələr arasında ünsiyyət məkanı (çat, forum, elanlar), multimedia studiyası və multimedia kursları, video və onlayn konfranslar təşkil olunur, virtual universitet tələbələri tədris aldıqları müddətdə aşağıdakı imkanlarla təmin edir:
Elektron tədris resurslarının yaradılması, ünsiyyət - forum vasitəsilə tələbələr arasında ünsiyyət məkanının qurulması, çat vasitəsi ilə eyni anda istənilən sayda tələbə və işçi heyətinin bir-biri ilə ünsiyyət yaratması, rəy kitabı vasitəsilə tələbələrin virtual universitet haqqında fikirlərinin ifadə edilməsi, müəllimlər haqqında ümumi fikirlərin toplanması və tələbələr tərəfindən fənlərin seçilməsi və s., virtual universitet vasitəsilə keçirilən onlayn rejimində imtahan zamanı eyni vaxtda 1000-ə yaxın tələbə imtahan verə bilər, məşğələ, seminar, laboratoriya, sərbəst işlərdən tələbələrin aldıqları balların virtual universitetdə qeydiyyatı həyata keçirilir.
- Tədrisin “Boloniya prosesi”nin tələblərinə və müvafiq dünya standartlarına uyğunlaşdırılması istiqamətində hansı yeniliklər gözlənilir?
- Respublika təhsil sisteminin “Boloniya prosesi”nə qoşulması ilə əlaqədar tədrisdə ən yeni informasiya-kommunikasiya texnologiyaları tətbiq olunub, tədris planları və proqramları bazar iqtisadiyyatının tələblərinə uyğun yenidən hazırlanıb, yeni dərsliklər və dərs vəsaitləri tələbələrin istifadəsinə verilib, kredit sistemi geniş tətbiq olunub, I və II kurs tələbələri üçün imtahanlar kompyuter vasitəsilə test üsulu ilə təşkil edilib.
Xüsusi vurğulamaq istərdim ki, bu işlərin arasında ən böyük layihə Əlavə və Distant Təhsil Mərkəzinin «Tyutor hazırlığı layihəsi» olub ki, onun nəticəsində hal-hazırda təhsil prosesinə 33 tyutor cəlb olunub və onlar kredit sisteminin tətbiqi sahəsində əsaslı addımlar atıblar.
- Tələbələrlə kredit sisteminin təşkili qaydaları, qiymətləndirmə, onların hüquq və vəzifələri, Virtual Universitetdən istifadə qaydaları və s. haqqında mütəmadi maarifləndirmə görüşləri keçirilib və keçirilir.
- Kredit sisteminin tələblərinə cavab verən bakalavr pilləsi üçün yeni formalı tədris planları hazılanıb;
- Tələbə, müəllim, fənn, kafedra, fakültə bazası yaradılaraq kodlaşdırılıb; - Tələbələr elektron versiyalı mühazirə mətnləri, kitablar və test sualları ilə təchiz olunub;
- Kredit sisteminin şərtlərinə uyğun fənlər reyestri, fənn seçimi zamanı tələbəyə təklif olunan tədris qrafikləri, fənn proqramlarını (sillabusları), fənlərin semestrlər üzrə bölgüsünü göstərən sənədlər hazırlanıb;
- Tələbəyə universitetimizdə təhsil almaq üçün lazım olan bütün məlumatlar «Məlumat Paketi» olaraq universitetin rəsmi saytında yerləşdirilib.
Bildiyimiz kimi, universitetimiz tərəfindən verilən akademik arayışlar kredit sisteminin şərtlərinə uyğun olmadığından onlar xarci ölkələrin universitetləri tərəfindən qəbul olunmur.
Bunun üçün yeni formatlı beynəlxalq standartlara cavab verən akademik transkript artıq hazırlanmış və həmin sənədi rəsmiləşdirdikdən sonra tələbələrin ixtiyarına vermək də nəzərdə tutulub.
Bu akademik transkriptdə tələbənin ümumi orta müvəffəqiyyət göstəricisi (ÜLMP) də öz əksini tapmışdır ki, bu da gələcəkdə onun istənilən işə düzəlməsində digər namizədlərlə müqayisə olunmasında işə götürən şəxsə köməklik göstərəcəkdir.
- Distant təhsil sahəsi bir qədər yenidir. Amma buna baxmayaraq İqtisad Universiteti böyük nailiyyətlər əldə edib. Bu sahənin təkmilləşdirilməsi üçün daha hansı yeniliklər gözlənilir?
- 2001-ci ildə respublikada ilk dəfə olaraq «İxtisasartırma və yenidənhazırlanma» fakültəsində ali təhsilli mütəxəssislərin “Maliyyə-kredit” və «Beynəlxalq iqtisadi münasibətlər» ixtisasları üzrə distant yolu ilə yenidən hazırlanmasına başlanıb və Distant təhsilin müvafiq saytı yaradılıb (www.distance.aseu.az)
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01.07.2003-cü il tarixli kollegiyasında universitetimizin «İxtisasartırma və yenidənhazırlanma» fakültəsində Distant təhsil konsepsiyasının aprobasiyadan keçirilməsi yüksək qiymətləndirilib və bu, AzDİU-nun dünya təhsil sisteminə inteqrasiya istiqamətində ən uğurlu addımı hesab edilib.
Təhsilin «Distant» formasını daha da inkişaf etdirmək, kadr hazırlığı, metodik və proqram təminatına kömək məqsədilə ABŞ-ın İndiana Universiteti ilə Azərbaycan Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyası (AzRENA) «Az/İU» adlı birgə layihəsi artıq həyata keçirilir.
02.03.2006-cı il tarixdən universitetin Elmi Şurasının qərarına əsasən, Əlavə təhsil mərkəzinin adı dəyişdirilərək Distant və əlavə təhsil mərkəzi adlandırılır. Mərkəzdə Biznes-Rus-dili, Türk dili, İngilis dili üzrə təlim kursları təşkil edilmişdir.
Mərkəz iqtisadiyyatın müxtəlif sahələri üçün mütəxəssislərin diplomdan sonrakı təhsilin bütün formalarını həyata keçirir.
2008-ci tədris ilində isə «Prometey» distant təhsil sistemi üçün proqram alınıb və artıq istifadə olunur.
Distant təhsilə xidmət şöbəsi bir-birindən müxtəlif məsafədə olan tələbə və təhsil müəssisəsi arasında informasiya mübadiləsini operativ və səmərəli təşkil etməyə imkan verən proqram-texniki vasitələr əsasında qurulmuş xüsusi informasiya-təhsil mühitinin köməyi ilə geniş əhali kütləsinə təqdim edilən təhsil xidmətlərini təşkil edir.
Gələcəkdə qiyabi təhsil formasını da distant vasitəsilə həyata keçirmək universitet rəhbərliyinin ən mühüm vəzifələrindən biridir.
12/09/11 Çap et