Hər beşinci televizor “4K” texnologiyasını dəstəkləyəcək
“Ultra HD” (4K) televizorların tədarükü 2015-ci ilin aprelində rekord 3 milyon ədədə çatıb ki, bu da ümumi həcmin 14 faizini təşkil edib. 2016-cı ilədək dünya bazarında satılan hər beşinci televizordan biri “4K” texnologiyasını dəstəkləyəcək. Bu barədə “IHS” analitik şirkətinin məlumatında deyilir.
Şirkət ekspertlərinin fikrincə, “4K” televizorlar bazarının inkişafına həm alıcılar tərəfindən artan tələbat, həm də istehsalçıların aktiv fəaliyyəti xidmət edir. Bildirilir ki, bazar tendensiyası son televizor texnologiyalarına böyük diqqətin olmasından xəbər verir və istehsalçılar buna cavab olaraq məhsullarında bu tip modellərin sayını artırırlar.
“IHS Technology” analitiki Linda Linin sözlərinə görə, “4K”-nı dəstəkləyən düzekranlı televizorların qiyməti 2014-cü il ərzində azalmaqda davam edib. Bundan başqa, dünya televizor brendlərinin əksəriyyəti artıq “4K” modellərini istehsalata buraxıb.
Analitik qeyd edib ki, Tayvanın televizor istehsalçıları pioner kimi çıxış edərək “4К” TV-nin yayılmasına əhəmiyyətli töhfə verdikləri halda, bazarda lider Cənubi Koreya şirkətləridir. “LG” və “Samsung” şirkətləri iri “4K” TV istehsalçısıdır.
Qeyd olunur ki, son məlumatlara görə, 2014-cü ildə “4K” displeylər bazarının həcmi 9,2 milyard dollara çatıb. Bunun 8,8 milyard dolları “4К LCD” displeylərin payına düşüb. Proqnoza görə, 2015-ci ildə “4K” bazarında istehsalçıların mədaxili 94 faiz artaraq 18 milyard təşkil edəcək. Bazar inkişaf etdikcə və “4K” qurğularının qiyməti aşağı düşdükcə 2020-ci ilədək dünya “4K” displeylər bazarının həcminin 52 milyard dollar olacağı gözlənilir.
Qeyd edək ki, ilk dəfə 2012-ci ilin üçüncü rübündə bazara çıxarılan “4K” formatlı televizorlar 3840х 2160 piksel yüksək təsvir ölçüsünü dəstəkləyir ki, bu da “Full HD” formatlı modellərin təsvir ölçüsündən 4 dəfə çoxdur. “IHS” analitik şirkətinin qiymətləndirməsinə görə, 5 ildən sonra “UHD” televizorların tədarükü 24 milyon ədədə çataraq buraxılan ümumi televizorların həcmində payı 10 faiz təşkil edəcək, -
“TelecomDaily” yazır.