Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Planetin ən etibarlı məlumat daşıyıcısı təqdim olunub
“Kickstarter”da yerləşdirilmiş rəqəmli məlumat daşıyıcısı layihəsinin müəllifləri bildirib ki, bu qurğu informasiyanı minilliklər boyu yadda saxlamağa qadirdir. Fransalı startaplar iddia edir ki, sözügedən qurğu su, od, turşu və digər əlverişsiz amillərin təsirinə qarşı davamlıdır. Ən yaxşı halda məlumatın bütövlüyünü 30 il qoruyan fləş kartlar, “CD” və “DVD” disklərlə müqayisədə “Nanoform” (rəqəmli məlumat daşıyıcısı) daha sabitdir, həm də cızıq və başqa mexaniki zədələrə qarşı davamlıdır.
"ICTnews" elektron xəbər xidməti “mail.ru” saytına istinadən bildirir ki, “Nanoform” – süni sapfirdən hazırlanmış diskdir və lazer oyması yolu ilə emal olunur. Qeyd edək ki, sapfir planetdə almazdan sonra ikinci ən bərk materialdır. Sapfir, məsələn, dişlərin düzləşdirilməsi üçün breket sistemlərin yaradılmasında istifadə olunur. Bu səbəbdən “Nanoform” layihəsi unikaldır – ən vacib xatirə və sənədləri rəqəmli formatda yadda saxlayacaq.
Süni sapfir temperatur dəyişməsinə qarşı davamlıdır: “Nanoform” qurğusunu lavanın içərisinə salsanız belə, heç nə olmayacaq.
Bununla belə, “Nanoform” qurğusu bəzi çatışmazlıqlara da malikdir. Belə ki, disk və ya fləş karta informasiyanı müstəqil yerləşdirə bildiyiniz halda, “Nanoform” qurğusu laboratoriyada hazırlanır və daxilindəki məlumatın həcmi onun radiusu ilə təyin edilir. Bundan sonra disk yalnız ağ-qara fototəsvirləri yadda saxlayır.
25 mm diametrində “Nanoform” qurğusunun dəyəri 130 avro, 50 mm diametrli diskin satış qiyməti isə 250 avro təşkil edəcək.
Emil Hüseynov
22/06/15 Çap et