Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda Günəşin dəyişkənliyi və kosmik hava ilə bağlı vəziyyət müzakirə olunacaq
06-07 iyul tarixlərində Bakıda "Günəşin və günəşə oxşar ulduzların dəyişkənliyi: Astroseysmologiyadan kosmik havaya qədər" mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Təşkilat Komitəsindən qeyd edilib ki, Bakı Solar (Günəşlə bağlı) Konfransı "Aysberq " İstirahət Kompleksində təşkil olunacaq.
Tədbirdə ABŞ-ın NASA-nın (Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi) Ames Tədqiqat Mərkəzi, ABŞ-ın Nyu-Cersi Texnologiya İnstitutu, Rusiyanın Nikolay Puşkov adına Yer Maqnetizmi, İonosfer və Radio Dalğalarının Yayılması İnstitutu (IZMIRAN), Almaniyanın Leybnits Astrofizika İnstitutu, Bolqarıstan Elmlər Akademiyasının Kosmik Tədqiqatlar və Texnologiyalar İnstitutu, Təl-Əviv Universitetinin İsrail Kosmik Şüalar və Kosmik Hava Mərkəzi, Özbəkistan Elmlər Akademiyasının Uluqbəy Astronomiya İnstitutu, Danimarkanın Orhus Universiteti, Böyük Britaniyanın Uorvik Universiteti, Ukraynanın Odessa Milli Dənizçilik Universiteti, Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və digər beynəlxalq və yerli qurumlardan nümayəndələrin iştirakı gözlənilir və çıxışları nəzərdə tutulur.
Tədbirin mövzularına "Astroseysmoloji problemlər", "Kosmik hava effektləri", "Günəş maqnetizmi - dinamo nəzəriyyəsi", "Günəşdə partlayışlar - müşahidələr və nəzəri aspektlər", "Günəşin atmosferində tərəddüdlər və dalğalar", "Günəş tacının qızmasının problemləri", "Günəşin sahə və yerüstü müşahidələri", "Günəşə oxşar ulduzlar və onların təkamülü" və s. istiqamətlər daxildir.
Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə və təşkilati dəstəyi ilə keçirilir. Tədbirə təşkilatı dəstək verənlər qismində Azərbaycanın Milli Elmlər Akademiyası (AMEA), AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Nikolay Puşkov adına Yer Maqnetizmi, İonosfer və Radio Dalğalarının Yayılması İnstitutu, Avrasiya Astronomiya Cəmiyyəti çıxış edir.
Həqiqət İSABALAYEVA
22/06/15 Çap et