Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Paytaxtda ilk elektromobil enerji doldurma məntəqəsi də fəaliyyətə başlayıb
Bakıda “Green Car” şirkətinin “yaşıl” elektromobil avtomobilinin təqdimat mərasimi keçirilib. Bundan başqa, bu tip avtomabilləri enerji ilə təchiz etmək üçün paytaxtda ilk elektromobil enerji doldurma məntəqəsi də fəaliyyətə başlayıb.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, dünyanın ən qənaətcil və sürətli ikinəfərlik avtomobili iddia edilən elektromobilin adı “Detroit Electric SP01”-dir.
285 at gücünə malik olan elektrik mühərrikdən ibarət olan güc qurğusu 3.7 saniyəyə bu idman kupesinin sürətini minədək artıra bilər. Avtomobilin maksimal ehtiyatı 300 kilometr təşkil edir. Avtomobilin daxili dizaynı müştərinin tələblərinə əsasən naviqasiya sistemi, yumşaq dam, karbon əlavələr, idman oturacaqları, 17 düymlük təkər diski ilə təchiz edilə bilər.
Qeyd edək ki, “Green Car”, “Azərişıq” və İDEA İctimai Birliyi Bakı şəhərinin müxtəlif hissələrində müasir texniki avadanlıqlarla təchiz edilmiş enerjidoldurma məntəqələri yaradacaqlar.
İlk enerjidoldurma məntəqəsi Heydər Əliyev Mərkəzinin parketməsində açılıb. Bu punktlarda quraşdırılan aparatlar xüsusi proqram təminatı vasitəsi ilə idarə edilir və müasir texnologiyaların bütün yeniliklərinə uyğun şəkildə istənilən elektromobilin enerjisini doldura bilər.
Şirkətin yerli avtomobil bazarına təqdim etdiyi elektromobillər, elektromotosikletlər, elektrovelosipedlər heç bir halda ətraf mühiti çirkləndirmirlər. Onlar ekologiyanın mühafizəsi layihəsinin bir hissəsidir.
Aynur Vəliyeva
22/06/15 Çap et