Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda “BigData” mövzusunda beynəlxalq tədbir keçiriləcək
Bakıda bu il oktyabrın 6-da böyük həcmli məlumatların (BigData) saxlanılması və emalına həsr edilmiş beynəlxalq konfrans keçiriləcək.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə dünyanın aparıcı şirkətləri “IBM” və “IDC” (International Data Corporation) kimi vendorların iştirakı gözlənilir.
Tədbirdə son zamanlar aktuallaşan böyük həcmli məlumatların saxlanılması, emalı, istifadəsi və təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə ediləcək.
Məlumat üçün bildirək ki, 2010-cu ildən etibarən dünyada böyük həcmli məlumatlarla bağlı problemlərin həllinə yönəldilmiş məhsullar və həllər təqdim edilib. “IBM”, “Oracle”, “Microsoft”, “Hewlett-Packard”, “EMC” kimi dünyanın aparıcı informasiya texnologiyaları təchizatçıları bu sahədə araşdırmalar və konsepsiyaları tətbiq edirlər.
Proqnozlara əsasən, “BigData” texnologiyalarının tətbiqi sənayedə, səhiyyədə, ticarətdə, dövlət idarəetməsində və s. sahələrdə informasiya texnologiyalarına böyük təsir göstərəcək.
“BigData” 2013-cü ildən etibarən artıq akademik fənn kimi ali təhsil ocaqlarının proqramına daxil edilib.
Qeyd edək ki, Azərbaycanda “BigData” ilə bağlı araşdırmalar ölkənin aparıcı ali təhsil ocaqlarından biri olan Qafqaz Universiteti tərəfindən aparılır.
Aynur Vəliyeva
22/06/15 Çap et