Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakcell” abunəçilərə istəmədikləri reklamlardan xilas edəcək


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti reklamçılar tərəfindən öz müştərilərinə göndərilən kütləvi SMS-lərin idarə edilməsinə imkan yaradan yeni platformanı müştərilərinin istifadəsinə verib.
 
Bu yeni xidmət müştərilərin arzuolunmaz ticari reklamları almamalarına kömək edəcək. İndi müştərilər istədikləri mağazaların, şirkətlərin, bankların və ya müvafiq hesab etdikləri hər hansı digər hesabların adları yazılmış fərdi “ağ siyahı”larını yaradaraq, yalnız arzu etdikləri reklam mesajlarını qəbul edə biləcəklər.
 
 
“5595” qısa nömrəsinə “STOP” yazısını göndərməklə, müştərilər üçüncü tərəflərin göndərdiyi bütün reklam mesajlarının qəbulunu birdəfəlik dayandıracaqlar. Eyni zamanda, etibar etdikləri mənbələrdən SMS-lər almaq üçün müştərilər müəyyən mağazanın, bankın və s. adını yenidən “5595” qısa nömrəsinə göndərməli olacaqlar.
 
“Bakcell” şirkətinin marketinq üzrə baş direktoru xanım Maria Toyçeva bildirib ki, kütləvi SMS-lərlə bağlı şikayətlərin əksəriyyəti reklamçıların göndərdikləri mesajlara aiddir. Müştərilər mağazalarda bazarlıq edərkən və ya bankların, digər müəssisələrin xidmətlərindən istifadə etdikləri zaman çox vaxt öz telefon nömrələrini təqdim edirlər. Müştərilərimizi məmnun etmək üçün biz onlara arzuolunmaz mətn mesajlarını filtrdən keçirməyə imkan yaradan yeni platformanı işə salmışıq. Yeni sistemin ən gözəl xüsusiyyətlərindən biri də odur ki, o, müştərilərə seçim imkanı yaradır və onlar hansı mesajları qəbul edib-etməməyi özləri seçirlər. Bizim təqdim etdiyimiz yeni xidmət “Bakcell” şirkətinin öz müştəriləri üçün ən yaxşı təcrübənin təmin edilməsi istiqamətində göstərdiyi səylərin daha bir sübutudur”.
 
“Bakcell” öz müştərilərini yeni işə salınmış platformadan istifadə etməyə çağırır.
 
 
RƏVAN




22/06/15    Çap et